Sorğu: Amerikalıların İrana hücumlara dəstəyi azalıb

ABŞ-də keçirilən ictimai rəy sorğusu Prezident Donald Tramp administrasiyasının İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara ictimai dəstəyin əhəmiyyətli dərəcədə azaldığını göstərib.

Sherg.az xəbər verir ki, Associated Press (AP) və NORC İctimai Əlaqələr Araşdırma Mərkəzi tərəfindən keçirilən sorğuya əsasən, amerikalıların əksəriyyəti İrana qarşı hərbi əməliyyatların əldə olunan nəticələrə dəymədiyini düşünür.

Sorğunun nəticələrinə görə, ABŞ-də böyüklərin 64 faizi fevralın 28-də İrana qarşı başladılan hücumları lazımsız hesab edir. Respublikaçılar arasında isə bu fikri bölüşənlərin payı 37 faiz təşkil edir.

Respondentlərin yalnız 28 faizi Donald Trampın İran siyasətini dəstəklədiyini bildirib. Bu göstərici ötən ay qeydə alınan 34 faizlə müqayisədə 6 faiz bəndi azdır.

Respublikaçı seçicilər arasında Trampın İran siyasətini dəstəkləyənlərin nisbəti 61 faiz olub. Bu isə iyunda keçirilən sorğudakı 71 faiz göstəricisindən 10 faiz bəndi aşağıdır.

İyulun 23-27-də keçirilən sorğunun hesabatında qeyd olunur ki, İranla bağlı müharibə ABŞ daxilində getdikcə daha az populyarlıq qazanır və bu vəziyyət noyabr seçkilərində Trampın hərbi siyasətini müdafiə edəcək respublikaçı konqres üzvləri üçün risk yarada bilər.