İsrailin Xarici İşlər naziri Gideon Saar ilə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas arasında sosial şəbəkələrdə sərt mübahisə yaşanıb.
Sherg.az xəbər verir ki, gərginliyə səbəb Kallasın İsraili Cənubi Afrikadakı aparteid rejimi ilə müqayisə etdiyi iddiaları olub. Bu açıqlamaya cavab verən Saar Kallası İsrailə qarşı “qərəzli və ədalətsiz mövqe” tutmaqda ittiham edib və onunla diplomatik əlaqələri dayandırdığını bildirib.
Aİ rəsmisi isə cavabında İsrail ilə dialoqa və əməkdaşlığa önəm verdiyini, lakin Yaxın Şərqdə sülh üçün “iki dövlətli həll”in yeganə real yol olduğunu vurğulayıb. O, həmçinin İordan çayının qərb sahilindəki qanunsuz məskunlaşmaları tənqid edib.
Saar daha sonra Kallasdan mübahisəli ifadələrə aydınlıq gətirməsini tələb edərək, ya iddiaları təkzib etməyə, ya da onların arxasında dayanmağa çağırıb.
Hadisə İsrail-Aİ münasibətlərində diplomatik gərginliyin yeni mərhələyə keçdiyi kimi qiymətləndirilir.