“Sülh siyasi şüarların girovuna çevrilməməlidir” - Erməni ekspertin "Şərq"ə MÜSAHİBƏSİ

  • Bu gün ən vacib məsələ region xalqlarına sabitlik, təhlükəsizlik və inkişaf şəraitində yaşamaq imkanı verməkdir

Azərbaycan və Ermənistan arasında sülh prosesinin gələcəyi regionda ən çox müzakirə olunan mövzulardandır. Tərəflər arasında münasibətlərin normallaşması, Ermənistanın xarici siyasət kursu və Cənubi Qafqazda geosiyasi dəyişikliklər diqqət mərkəzindədir. Eyni zamanda, dünyada tarixi hadisələrin beynəlxalq siyasətdə alətə çevrilməsi ilə bağlı müzakirələr də davam edir. 

Erməni jurnalist və siyasi ekspert Natali Aleksanyan Azərbaycan və Ermənistan arasında sülh prosesinin gələcəyi və regionda ən çox müzakirə olunan mövzularla bağlı Sherg.az-ın suallarını cavablayıb:

-Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı gözləntiləriniz hazırda necədir?

-Sülh artıq mücərrəd fikir kimi qəbul edilməməlidir. Sülh səbir, siyasi iradə və qarşılıqlı etimadın mərhələli şəkildə formalaşdırılmasını tələb edən praktik məqsəddir.

Əgər sülh prosesi ardıcıl şəkildə inkişaf edərsə və tərəflər üzərlərinə götürdükləri öhdəliklərə sadiq qalsalar, zaman keçdikcə insanlar arasında əlaqələrin, ünsiyyətin və əməkdaşlığın bərpası təbii hala çevriləcək. Lakin belə proseslər bir gün ərzində baş vermir. Onilliklərlə davam edən münaqişədən sonra etimad tədricən bərpa olunur.

-Ermənistanın KTMT ilə bağlı gələcək addımlarını necə qiymətləndirirsiniz?

-Yaxın gələcəkdə Ermənistan, böyük ehtimalla, nəhayət, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxacaq. Bu, müstəqil dövlət kimi Ermənistan Respublikasının suveren hüququdur.

-Rusiyanın bu məsələdə rolu barədə fikriniz nədir?

-Rusiya da Ermənistan Respublikasının daxili işlərinə müdaxilə etmək hüququna malik deyil. Ermənistan demokratik dövlətdir və yalnız Ermənistan xalqı öz ölkəsinin gələcəyini, xarici siyasət kursunu və qəbul ediləcək qərarları müəyyən etmək hüququna malikdir.

Ermənistanın taleyini xarici qüvvələrin müəyyən etdiyi dövr keçmişdə qalmalıdır. Ölkənin gələcəyi yalnız onun vətəndaşlarının iradəsi ilə formalaşmalıdır. Məhz Ermənistan xalqı, hər hansı xarici qüvvə deyil, dövlətin hansı yolla inkişaf edəcəyinə qərar verməlidir.

-İsrailin "erməni soyqırımını tanıması" ilə bağlı addımını necə oxuyursunuz?

-Tarixi faciələrin siyasi təzyiq alətinə çevrilməsi cəhdlərini qətiyyətlə pisləyirəm. Xüsusilə, İsrailin qondarma "erməni soyqırımının tanınması" ilə bağlı son addımlarını mənfi qiymətləndirirəm. Çünki belə həssas məsələlər Türkiyəyə və ya hər hansı başqa dövlətə siyasi təzyiq göstərmək, yaxud cari geosiyasi maraqlara xidmət etmək üçün istifadə edilməməlidir.

Biz heç kəsə bu cür anlayışlar üzərində manipulyasiya etməyə, onları təzyiq vasitəsinə və ya sülh prosesini sarsıtmaq alətinə çevirməyə imkan verməməliyik. Vaxtı çatdıqda müvafiq ekspert mexanizmləri formalaşdırılacaq və bu məsələlərə də obyektiv və peşəkar qiymət veriləcək.

Əgər hər hansı dövlət tarixi faciələrlə bağlı daha dərin cavablar və ya tanınma tələb edirsə, mənim fikrimcə, o, digər həllini tapmamış məsələləri də eyni ardıcıllıqla gündəmə gətirməlidir. Xüsusilə, beynəlxalq ictimaiyyət Xocalı faciəsi mövzusunu diqqətdən kənarda qoymamalıdır. Bu faciə bu günədək mübahisə mövzusu olaraq qalır və bir çoxlarının fikrincə, layiq olduğu səviyyədə beynəlxalq diqqəti hələ də almayıb.

Əminəm ki, bu gün ən vacib məsələ region xalqlarına sabitlik, təhlükəsizlik və inkişaf şəraitində yaşamaq imkanı verməkdir. Sülh insanlara xidmət etməli, siyasi şüarların girovuna çevrilməməlidir.