TDT Baş katibi: Seyid Yəhya Bakuvinin irsi türk dünyasının ortaq mənəvi sərvətinin mühüm hissəsidir

Seyid Yəhya Bakuvinin irsi türk və islam dünyasının ortaq mənəvi sərvətinin mühüm hissəsidir.

APA xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir alim Şeyx Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın plenar iclasındakı çıxışında deyib.

Onun sözlərinə görə, Şeyx Seyid Yəhya Bakuvinin intellektual və mənəvi irsi İslamın elmə və həqiqətin axtarışına hər zaman xüsusi önəm verdiyini göstərir.

TDT Baş katibi qeyd edib ki, türk dünyası zəngin və bir-biri ilə sıx bağlı olan İslam irsinə malikdir.

Kubanıçbek Ömüralıyev bildirib ki, bu ortaq irs Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətləri arasında əməkdaşlığın əsaslarından biridir.

Baş katib dini əməkdaşlığın TDT çərçivəsində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O, TDT-nin üzv və müşahidəçi dövlətlərin dini qurumları arasında institusional əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini bildirib.

TDT Baş katibi müasir dövrün əsas çağırışları sırasında qütbləşmə, dözümsüzlük, ekstremizm və islamofobiyanı qeyd edib.

O əlavə edib ki, TDT dini qurumlar, alimlər, universitetlər və mədəniyyət təşkilatları arasında əməkdaşlığı gücləndirən təşəbbüsləri bundan sonra da dəstəkləyəcək.