Tramp da vurğuladı: Azərbaycanın sülh modeli dünyaya örnək olur

Azərbaycanın artan nüfuzu və liderimizin qətiyyətli, uzaqgörən siyasəti ölkəmizi artıq regional dövlət statusundan kənara çıxarıb

Dünyada beynəlxalq münasibətlər sistemi hazırda köklü transformasiya mərhələsindən keçir və mövcud idarəetmə mexanizmləri yeni reallıqlara adekvat cavab vermir. Ənənəvi beynəlxalq təşkilatlar və təsisatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsində yetərli təsir göstərə bilmir, dünya üzrə 60-dan artıq münaqişə ocağının mövcudluğu bu vəziyyəti açıq şəkildə təsdiqləyir. Bu kontekstdə alternativ sülh mexanizmi kimi “Sülh Şurası” təşəbbüsü irəli sürülüb. ABŞ administrasiyası tərəfindən irəli çəkilən bu platforma yalnız Qəzza böhranının idarə olunmasını deyil, eyni zamanda qlobal səviyyədə sülh və humanitar fəaliyyətlərin koordinasiyasını da hədəfləyir. Azərbaycanın ABŞ lideri Donald Tramp tərəfindən yaradılan Sülh Şurasına təsisçi üzv dövlət qismində dəvət olunması ölkəmizin beynəlxalq sistemdə qazandığı siyasi etimadın, funksional rolunun və qlobal nüfuzunun məntiqi nəticəsi kimi qiymətləndirilir, ölkəmizin beynəlxalq sülh təşəbbüslərində artan rolunu nümayiş etdirir. Azərbaycan Prezidentinin “Sülh Şurası”nın ilk iclasında iştirak etməsi hər şeydən əvvəl yeni yaranmaqda olan bu təşkilatlanmada Azərbaycanın gələcək perspektivlərini və rolunu təyin edəcək. Sülh Şurası yüksək perspektivi olan və dünyada bir çox beynəlxalq təşkilatların yerinə yetirə bilmədiyi sülhyaratma funksiyasını yerinə yetirmək üçün yaradılmış bir Şuradır. 

30 ildən artıq davam edən münaqişəni sülh mərhələsinə daşıyan, 44 günlük müharibə dövründə hər gün sülh çağırışları ilə çıxış edən Azərbaycan, beynəlxalq hüquqa və ədalət prinsiplərinə əsaslanan nümunəvi sülh modeli təqdim edib. Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın əl sıxması və bu anın ABŞ Prezidenti Donald Tramp tərəfindən vurğulanması, Azərbaycanın qlobal sülh və təhlükəsizlik proseslərində nüfuzlu tərəfdaş kimi qəbul olunmasının simvolik göstəricisidir. Əvvəllər Azərbaycan daha çox enerji layihələri ilə tanınırdısa, indi dünya siyasətində sülhün memarı imici ilə önə çıxır.

Azərbaycan Sülh Şurasında iştirak etməklə əslində yeni nizamda öz rolunu təsdiq edib. Prezident Donald Trampın və Birləşmiş Ştatlar rəsmilərinin sammit çərçivəsində dövlət rəhbərimizə göstərdikləri diqqət Bakının regional aktor kimi qəbul edildiyinin rəsmidir. Ölkəmiz Qəzzanın bərpasına da öz töhfəsini verir. Cənab Prezident İlham Əliyevin strateji qərarları, ayrılan vəsait fonunda humanist yanaşması Azərbaycanın nüfuzunu artırmaqla yanaşı, uzun müddətdir ağıla gəlməz çətinliklər və humanitar böhran yaşayan qəzzalılar üçün yeni başlanğıclar deməkdir.

Milli Məclisin deputatı Hikmət Babaoğlu “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan Prezidentinin “Sülh Şurası”nın ilk iclasında iştirakı ölkəmizin beynəlxalq səhnədə artan nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul olunmasının mühüm göstəricisidir. Bu status Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisini, qlobal proseslərdə fəal rolunu və konstruktiv diplomatiya prinsipinə əsaslanan fəaliyyətini göstərir: “Azərbaycan Prezidentinin “Sülh Şurası”nın ilk iclasında iştirakı, hər şeydən əvvəl, yeni yaranmaqda olan bu təşkilatda ölkəmizin gələcək perspektivlərini və rolunu müəyyənləşdirəcək önəmli addımdır. “Sülh Şurası” yüksək potensiala malik olan və dünya üzrə bir çox beynəlxalq qurumların yerinə yetirə bilmədiyi sülhyaratma funksiyasını həyata keçirmək məqsədilə yaradılıb.

Azərbaycan 30 ildən artıq davam edən münaqişəni həll edərək onu sülh mərhələsinə daşıyan nadir ölkələrdən biridir. 44 günlük müharibə dövründə Azərbaycan hər gün sülh çağırışı edirdi və nəticədə bu məqsədinə nail oldu. Bu prosesdə Amerika Birləşmiş Ştatlarının da müəyyən rolu olub, lakin istər ABŞ Prezidenti Donald Trampın 8 böyük münaqişənin həlli ilə bağlı etdiyi bəyanatlar, istərsə də digər yanaşmalar göstərir ki, əldə olunan sülh ədalətə və beynəlxalq hüquqa əsaslanmadıqda uzunmüddətli olmur. Azərbaycan məhz sülhün ədalət və beynəlxalq münasibət prinsiplərinə əsaslanan bir modelini yaradıb. Buna görə də, “Sülh Şurası”nın tədbirində Azərbaycan və Ermənistan liderlərinin əl tutaraq görüşməsi, sülhün təqdimatında və Şuranın brendinin formalaşdırılmasında simvolik olaraq vacib rol oynadı və bu an Donald Tramp tərəfindən vurğulandı. Azərbaycanın yaratdığı sülh modelin sülhə ehtiyacı olan bölgələrə təqdimatı edildi”. 

“Sülh Şurası”nın ilk iclasında Yaxın Şərqin gələcəyi ilə bağlı mühüm qərarlar qəbul edildiyini xatırladan H. Babaoğlu qeyd edib ki, gündəliyə Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, bərpa-quruculuq işlərinin təşkili və humanitar missiyaların həyata keçirilməsi kimi vacib məsələlər daxil edilmişdir.

Deputat hesab edir ki, Azərbaycanın artan nüfuzu və liderimizin qətiyyətli, uzaqgörən siyasəti ölkəmizi artıq regional dövlət statusundan kənara çıxarıb:

“Ölkəmiz Yaxın Şərqdə sülhün təmin edilməsində və Suriyada sülhün möhkəmləndirilməsində mühüm rol oynayır. Eyni zamanda, həyata keçirdiyimiz böyük layihələrin hüquqi və humanitar missiyasını Azərbaycan öz üzərinə götürür. Ölkəmiz münaqişədən sonrakı mərhələdə bərpa-quruculuq sahəsində qazandığı təcrübəni beynəlxalq platformalarda paylaşmaq imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı layihələr bu təcrübənin nümunəsi kimi təqdim oluna bilər”.