Başlanmasından təxminən 1 ay keçən İran müharibəsi fonunda ABŞ ilə İran arasında razılaşmanın olub-olmayacağı ilə bağlı müzakirələr davam edir.
Sherg.az xəbər verir ki, İran tərəfi Vaşinqtonun 15 maddəlik sülh təklifinə soyuq yanaşıb. Lakin ABŞ Prezidenti Tramp İranın razılaşma istəyən tərəf olduğunu irəli sürür.
İranın razılaşma istədiyini iddia edən Tramp deyib:
“İran məğlub olduğunu etiraf edir. Məğlub olduqları üçün bizimlə danışmaq istəyirlər. "Danışmırıq" deyirlər, amma razılaşma üçün yalvarırlar. Mənim razılaşma istədiyim doğru deyil. Onların imkanları var – bu, özlərindən asılıdır. Düzgün razılaşma əldə etsək, Hörmüz boğazı açılacaq.”
Tramp İranla bağlı hücumların davam edəcəyini də bildirib:
“İranı məhv edirik – bu, İkinci Dünya müharibəsindən sonra ən böyük dağıntıdır. Onları vurmağa davam edəcəyik. Dəlilərə nüvə silahı verilə bilməz, bunlar pis və xəstə insanlardır. İranı idarə edənlər Yaxın Şərqi ələ keçirmək istəyir. Barak Obamanın addımları İranın nüvə yolunu açdı.”
Tramp iddia edib ki, İran məqsədinə çatsaydı, ilk nüvə zərbəsini İsrailə endirərdi:
“Zəif bir prezident olsaydı, növbəti hədəf biz olardıq.”
O, həmçinin NATO barədə məyusluğunu ifadə edib:
“NATO bizə kömək etmədi. Bu, NATO üçün sınaq idi. NATO kağız pələngdir. Müharibəni qazandıqdan sonra kömək etdilər.”
Enerji qiymətləri ilə bağlı isə belə deyib:
“Qiymətlər düşündüyüm qədər artmadı, daha pisini gözləyirdim.”
Tramp əlavə edib ki, danışıqlar apardıqları iranlı rəsmilər ABŞ-a “8 tanker neft” təklif ediblər. Daha sonra bu sayın 10-a çatdırıldığını bildirib.
İranın cavabı
İran isə ABŞ-ın təklifinə cavab verdiyini açıqlayıb.
İranın Tasnim xəbər agentliyinə danışan rəsmi bildirib ki, ABŞ-ın 15 maddəlik planına cavab vasitəçilər üzərindən göndərilib.
Məlumata görə, İran cavabında aşağıdakı şərtləri irəli sürüb:
hücumların dayandırılması
müharibənin təkrarlanmayacağına dair konkret zəmanətlər
təzminatların ödənilməsi
bütün cəbhələrdə müharibənin tam dayandırılması
İran həmçinin Hörmüz boğazı üzərində suveren hüququnun dəyişməz olduğunu vurğulayıb.
İranlı rəsmilər ABŞ-ın “danışıqlar” iddiasını isə “aldadıcı layihə” adlandıraraq bunun vaxt qazanmaq və neft qiymətlərini aşağı saxlamaq məqsədi daşıdığını bildiriblər.
Hərbi vəziyyət və yeni iddialar
İsrail ordusu İran tərəfindən raket hücumlarının edildiyini açıqlayıb.
İsrail mediası İran İnqilab Keşikçilərinin dəniz qüvvələrinin komandanı Əli Rza Tənqsirinin hava hücumunda öldürüldüyünü iddia edib. İran tərəfi bunu hələ təsdiqləməyib.
İsrail rəsmisi bildirib:
“İranın imkanlarını daha da azaltmaq bizim hazırkı vəzifəmizdir.”
Diplomatik ziddiyyətlər
ABŞ Prezidenti Tramp İranın razılaşma istədiyini deyir.
Lakin İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, ABŞ ilə birbaşa danışıqlar aparılmır, yalnız vasitəçilər üzərindən mesaj mübadiləsi gedir.
Netanyahu və daxili siyasət
İsrailin Baş naziri Binyamin Netanyahunun siyasi mövqeyi zəifləyir.
Onun hökumətin dağılmasının qarşısını almaq üçün büdcəni tezliklə parlamentdən keçirməyə çalışdığı bildirilir.
Sorğulara görə, Likud partiyasının mandatlarının azalması gözlənilir.