Tramp İranı zəif göstərməyə çalışır - məqsəd "güclü lider imici"dir - İsmail Cingöz

"Keçirilən qapalı görüşlərdə İran tərəfi bəzi məsələlərə müsbət və yumşaq yanaşmış ola bilər. Lakin bu, onların bütün şərtləri qəbul etdiyi anlamına gəlmir"

ABŞ, İran və İsrail arasında 40 gün ərzində şidddətli müstəvidə davam edən müharibə aprelin 8-də iki həftəlik atəşkəslə başa çatıb. Tərəflər öz maraqları çərçivəsində plan tərtib ediblər. ABŞ-nin 15 maddədən ibarət təklif paketi və İranın 10 bəndlik planı Pakistanın İslamabad şəhərində keçiriləcək danışıqlarda əsas müzakirə mövzusu olacaq. Lakin münaqişənin başlıca səbəblərindən olan nüvə proqramı, hələ də mübahisə predmeti olaraq qalır.

ABŞ prezidenti Donald Trampın əsassız açıqlamaları isə beynəlxalq ictimaiyyətin diqqətini yayındırır. O, İranın uran zənginləşdirmə fəaliyyətindən imtina etdiyini bəyan etsə də, rəsmi Tehran bu iddiaları qəti şəkildə rədd edib. İran parlamentinin spikeri bildirib ki, uranın zənginləşdirilməsi, ölkənin nüvə proqramının əsas hissəsidir və bu məsələ danışıqlara açıq deyil. Tərəflərin nüvə proqramı üzrə ortaq məxrəcə gələ bilməməsi, atəşkəsin davamlılığı ilə bağlı şübhələri artırır. Görünən odur ki, atəşkəsin taleyi Pakistanda keçiriləcək danışıqlardan asılı olacaq.

Mövzu ilə bağlı Beynəlxalq siyasət üzrə mütəxəssis və hərbi ekspert İsmail Cingöz Sherg.az-a bildirib ki, ABŞ prezidenti sarsılan imicini bərpa etməyə çalışır:

“Donald Tramp, müharibə dövründə Tehranın rəsmi şəkildə təsdiqləmədiyi bəzi məlumatları “İran bunu qəbul edib” və ya “İran razılaşıb” kimi təqdim etməyə çalışırdı. Lakin ABŞ-nin açıqladığı əsassız məlumatlar dərhal İran rəsmilərinin təkzibi ilə qarşılaşıb. Trampın qondarma bəyanatlara sığınmasının iki səbəbi var. O, İranı ABŞ-nin şərtlərini qəbul edən tərəf kimi göstərməklə, beynəlxalq ictimaiyyət və ABŞ Konqresi qarşısında “güclü imic” formalaşdırmağa çalışır”. 

Ekspertin sözlərinə görə, Trampın əsas məqsədlərindən biri də İranı ABŞ qarşısında zəif və aciz göstərməkdir:

“Məkik diplomatiyası çərçivəsində keçirilən qapalı görüşlərdə İran tərəfi bəzi məsələlərə müsbət və yumşaq yanaşmış ola bilər. Lakin bu, onların bütün şərtləri qəbul etdiyi anlamına gəlmir. İran rəsmiləri müharibədən öncə də, dəfələrlə nüvə proqramından imtina etməcəklərini bildiriblər. Əslində, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı problemlər 2015-ci ildə qismən də olsa, həllini tapmışdı. Həmin ildə, ABŞ-nin sabiq prezidenti Barak Obama ilə İran arasında “Birgə Hərtərəfli Fəaliyyət Planı” imzalandı”. 

İ.Cingöz qeyd edib ki, razılaşma əsasında, Beynəlxalq Atom Enerjisi Agentliyi İranın nüvə obyektlərinə müntəzəm nəzarət imkanı qazandı:

“Lakin Tramp birinci prezidentliyi dövründə sazişi “tarixin ən pis anlaşması” adlandıraraq ondan imtina etdi. ABŞ və İran arasında hələ də həllini tapmayan, mübahisəli məsələlər mövcuddur. Pakistan məhz bu problemlərə diplomatik həll yolu tapmaq məqsədilə tərəfləri danışıqlara çağırıb. Türkiyə, Pakistan və Misir arasında aparılan müzakirələrin nəticəsi olaraq bu gün İslamabadda anlaşma prosesinin həyata keçirilməsi nəzərdə tutulur”. 

Analitikin qənaətinə görə, görüşün əsas müzakirə obyekti İranın zənginləşdirilmiş uran ehtiyatlarının ölkə ərazisindən çıxarılması olacaq:

“Bəzi iddialara görə, İran tərəfi bu materialları Beynəlxalq Atom Enerjisi Agentliyinə deyil, Pakistana təhvil verəcək. İran və ABŞ müəyyən məsələlərdə ortaq mövqe tapa bilsələr belə, tərəflərin bütün istiqamətlər üzrə tam razılığa gəlməsi çətin görünür. Bu kontekstdə əsas prioritetlərdən biri İsrailin hücum planlarından çəkindirilməsi olmalıdır. ABŞ İsraili Livana təşkil etdiyi hücumları dayandırmağa razı salmalıdır. Eyni zamanda danışıqlar masasında ABŞ və İsrailin yenidən İrana hücum etməmələrinə dair öhdəlik götürməsi də vacib amillər sırasında yer almalıdır. Əks təqdirdə müttəfiqlər yaranan yeni fürsətlə İrana hücum edə bilərlər”.