Uzun müddətdir gözlənilən Yaxın Şərq müharibəsinin başladığı bildirilir. İsrail səhər saatlarında İrana hücum etdiyini elan edib. Tehranda partlayış səsləri eşidildiyi halda, Təl-Əvivdə hava hücumu siqnalları səslənir. Sherg.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp hücumla bağlı mövqeyini açıqlayıb.
Tramp "Truth Social" hesabında paylaşım edərək bildirib ki, ABŞ-ın siyasəti, xüsusilə onun prezidentliyi dövründə, İran rejiminin nüvə silahı əldə etməsinin qarşısını almağa yönəlib. O, İranı dünyada terroru ən çox maliyyələşdirən ölkə adlandırıb və İran qüvvələrinin İraqda yüzlərlə ABŞ hərbçisini öldürdüyünü və yaraladığını iddia edib.
ABŞ prezidenti həmçinin İran rejiminin etiraz aksiyaları zamanı on minlərlə vətəndaşını öldürdüyünü irəli sürərək, rejimi “kollektiv terror quruluşu” kimi xarakterizə edib və buna artıq dözümlü yanaşmayacaqlarını vurğulayıb.
Trampın sözlərinə görə, İranın dəstəklədiyi qruplar son illərdə Yaxın Şərqdə ABŞ hərbçilərinə qarşı hücumlarını davam etdirib və Beyrutda dəniz piyadaları kazarmasına edilən hücum nəticəsində 241 ABŞ əsgəri həlak olub.
ABŞ lideri bildirib ki, İran 47 ildir “Amerikaya ölüm” kimi şüarlar səsləndirir və rejimin fəaliyyəti ABŞ-ı, xaricdəki hərbi bazaları və müttəfiqləri təhlükə altına qoyur. O vurğulayıb ki, İranın nüvə silahına sahib olmasına icazə verilməyəcək.
Tramp qeyd edib ki, ABŞ ordusu Amerikanın təhlükəsizlik maraqlarını qorumaq məqsədilə genişmiqyaslı əməliyyat həyata keçirir və İranın dəniz donanmasının məhv ediləcəyini bildirib.
ABŞ prezidenti əlavə edib:
“Vəzifələrini yerinə yetirərkən həyatlarını riskə atan bütün əsgərlərimiz üçün dua edirik. Tanrının köməyi ilə onların qalib gələcəyinə inanırıq”.
Tramp İran təhlükəsizlik qüvvələrinə müraciət edərək deyib:
“Bu gecə sizə deyirəm - silahlarınızı yerə qoyun və tam toxunulmazlıq əldə edin, əks halda qaçılmaz ölümlə üzləşəcəksiniz”.
Son müraciətində isə o, İran xalqına səslənərək bildirib:
“Azadlıq saatınız yaxındır. Sığınacaqlarda qalın, evlərinizdən çıxmayın, çünki çöldə çox təhlükəlidir - hər yerə bombalar yağacaq. İşimiz bitdikdən sonra hökumətinizi özünüz idarə edin. Bu, bəlkə də nəsillər boyu əldə edəcəyiniz yeganə şansdır”.