Ruttenin sözləri Türkiyəni vazkeçilməz bir aktor kimi göstərir
Qlobal təhlükəsizlik mühiti sürətlə dəyişir. Bu dəyişikliklər NATO daxilində prioritetlərin yenidən müəyyənləşdirilməsinə səbəb olur. Xüsusilə müdafiə istehsalı, təchizat zəncirlərinin dayanıqlılığı və operativ hərbi imkanlar artıq ittifaqın əsas diqqət mərkəzinə çevrilib.
Belə bir şəraitdə NATO rəhbərliyindən gələn açıqlamalar təkcə diplomatik jest kimi deyil, həm də yeni strateji istiqamətlərin göstəricisi kimi dəyərləndirilir. Bu kontekstdə Ruttenin Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər Ankaranın ittifaq daxilində dəyişən rolunu və artan əhəmiyyətini anlamaq baxımından xüsusi diqqət çəkir. Rutte deyib ki, Türkiyə müdafiə sənayesi sahəsində əsl inqilab yaşayıb.
Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bu sözlərin sadəcə nəzakət ifadəsi olmadığını deyib:

"Rutte son günlərdə NATO üzrə müdafiə istehsalının sürətləndirilməsinin zəruriliyini tez-tez vurğulayırdı. Bu səbəbdən Türkiyəyə yönəlik bu tərif göstərir ki, ittifaq daxilində Ankara artıq istehsal gücü, sürətli təchizat və operativ müdafiə sənayesi ekosistemi baxımından daha mərkəzi mövqedə qəbul olunur. Başqa sözlə, Türkiyə artıq təkcə böyük bir orduya malik müttəfiq kimi deyil, eyni zamanda NATO-nun istehsal və təchizat zəncirinə töhfə verən sənaye bazası kimi önə çıxır.
Siyasi baxımdan bunun üç nəticəsi var. Birincisi, Türkiyənin NATO daxilindəki danışıqlar gücünü artırır. Çünki ittifaq artıq yalnız coğrafi mövqeyini deyil, müdafiə istehsalı qabiliyyətini də açıq şəkildə qiymətləndirir. İkincisi, Avropanın yenidən silahlanma və ehtiyatların yenilənməsi prosesində türk şirkətləri üçün daha çox ortaq istehsal, subpodratçılıq və texnologiya əməkdaşlığı imkanları yarana bilər. Üçüncüsü, 2026-cı ilin iyulunda Ankarada keçiriləcək NATO Zirvəsi ərəfəsində Türkiyənin “təhlükəsizlik istehlakçısı” deyil, “təhlükəsizlik təmin edən və istehsal edən” kimliyinin ön plana çıxarılmasına xidmət edir".
General bunun da bir həddinin olduğunu deyib:
"Bu tərif avtomatik olaraq bütün siyasi ixtilafların aradan qalxdığı anlamına gəlmir. NATO daxilində Türkiyə ilə bəzi müttəfiqlər, xüsusilə Suriya arasında müdafiə təchizatı, sanksiya kimi həssas məqamlar və regional məsələlər üzrə fikir ayrılıqları davam edə bilər. Buna görə də bu açıqlama “tam strateji uyğunluq”dan çox, “Türkiyənin müdafiə sənayesi potensialının artıq inkar edilə bilməz hala gəlməsi” kimi oxunmalıdır.
Türk müdafiə sənayesi məhsullarını digər ölkələrin məhsullarından fərqləndirən ən mühüm məqam bu məhsulların Qarabağ, Ukrayna, Liviya, Somali və s. kimi müxtəlif döyüş mühitlərində sınaqdan çıxarılması və uğur qazanmasıdır. Eyni zamanda yerlilik və millilik səviyyəsinin 80-85 faizə çatması da mühüm amildir. NATO, başda Rusiya-Ukrayna müharibəsi olmaqla, müharibə logistikasını dayanıqlı edərək mümkün üçüncü dünya müharibəsinə hazırlaşmaq istəyir. Bu da Türkiyəni ön plana çıxarır".
Müsahibimiz vurğulayıb ki, Türkiyənin texnologiya yönümlü yetişmiş insan resursları da üstünlük səbəbidir:
"Bir sözlə Ruttenin sözləri Türkiyənin NATO daxilində artıq yalnız geosiyasi mövqeyi ilə deyil, müdafiə istehsal gücü ilə də vazkeçilməz bir aktor kimi görüldüyünü göstərir”.