Türkiyədə 25 general və admiral yüksəldi, Hərbi Hava Qüvvələrinin komandanı dəyişdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Yüksək Hərbi Şura (YHŞ) iclasında Türk Silahlı Qüvvələrinin rəhbər heyəti ilə bağlı yeni kadr qərarları qəbul edilib.

Sherg.az xəbər verir ki, qərarlara əsasən, 30 avqust 2026-cı il tarixindən etibarən 25 general və admiral növbəti ali hərbi rütbəyə yüksəldilib, 69 polkovnik isə general və admiral rütbəsi alıb.

Bundan başqa, 24 generalın xidmət müddəti bir il, 530 polkovnikin xidmət müddəti isə iki il uzadılıb.

YHŞ-ın qərarı ilə 2 general yaş həddinə görə, 61 general və admiral isə ştat ixtisarı səbəbindən ehtiyata buraxılıb.

Dəniz Qüvvələri Komandanı Ercüment Tatlıoğlunun səlahiyyət müddəti bir il uzadılıb.

Hərbi Hava Qüvvələrinin komandanı Ziya Cemal Kadıoğlu ştat ixtisarı səbəbindən təqaüdə göndərildiyindən, onun yerinə Rafet Dalkıran təyin edilib.

Qərarlara əsasən, Türk Silahlı Qüvvələrində general və admiralların ümumi sayı 30 avqustdan etibarən 328-dən 334-ə yüksələcək.

İclasdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan sosial media hesabında paylaşım edərək YHŞ-da qəbul olunan qərarların Türkiyə, xalq və Silahlı Qüvvələr üçün xeyirli olmasını arzulayıb.