Türkiyənin Uşak vilayətində polislərə atəş açıldı

Türkiyənin Uşak vilayətində polislərə atəş açılıb, hadisə yerindən qaçan şəxs keçirilən xüsusi əməliyyat nəticəsində saxlanılıb.

Teleqraf xəbər verir ki, hadisə barədə daxil olan məlumat əsasında əraziyə çoxlu sayda polis və təcili tibbi yardım briqadası cəlb edilib.

Atışma zamanı xəsarət alan polislər xəstəxanaya yerləşdiriliblər.

İlkin araşdırmalar zamanı hadisəni törətməkdə şübhəli bilinən şəxsin 40 yaşlı E.R. olduğu müəyyən edilib.

Axtarış tədbirlərinə dronlar da cəlb olunub. Dron vasitəsilə aparılan müşahidələr nəticəsində şübhəlinin rayon mərkəzində yerləşən tərk edilmiş binada gizləndiyi aşkarlanıb. Əraziyə yaxınlaşan polis əməkdaşlarına şübhəlinin yenidən atəş açması səbəbindən hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri göndərilib.

Təxminən 3 saat davam edən əməliyyat və aparılan danışıqlar nəticəsində E.R. təslim olmağa razılaşıb. O, polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.