“Üç gün qalıb”: Tramp İranın neft kəmərləri ilə bağlı partlayış proqnozu verib

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın neft kəmərləri üç gün ərzində partlaya bilər. Amerika lideri bunun neft infrastrukturuna hücumlarla deyil, kəmərlərin təzyiqə tab gətirməyərək sıradan çıxması ehtimalı ilə bağlı olduğunu vurğulayıb. Trampın sözlərinə görə, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası səbəbindən İran yanacaq ixrac etmək imkanına malik deyil.

“Bu halda nə baş verəcək? Xətt daxildən, mexaniki şəkildə, yer səviyyəsində partlayacaq. Nəsə baş verəcək - sadəcə partlayacaq. Deyirlər ki, bunun baş verməsinə təxminən üç gün qalıb”, -deyə ABŞ prezidenti "Fox News" aparıcısının İslam Respublikasının neft sənayesinin gələcəyi ilə bağlı sualına cavab verib.

Tramp qeyd edib ki, belə bir perspektiv ABŞ-nin İrana təzyiq vasitələrindən biridir.

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə nizamlanma məsələsində ABŞ-nin addımlarında ziddiyyətlər olduğunu bildirmişdi. O vurğulayıb ki, Vaşinqtonun düşmən xarakterli addımları, o cümlədən dəniz blokadası, Ağ Evin dialoqa can atması ilə bağlı bəyanatları ilə uzlaşmır.