Ukraynada müharibənin davam etməsi ehtimalı yüksəkdir - ŞƏRH

Politoloq Avropa İttifaqı və Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edir 

Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında danışıqlar bu gün davam etdirilir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, Rusiya nümayəndə heyəti danışıqların keçirildiyi yerə gəlib.

Qeyd edək ki, ötən gün Cenevrədə ABŞ, Rusiya və Ukrayna arasında gedən danışıqlar dörd saatdan çox davam edib.

Xatırladaq ki, bu görüşə qədər Əbu-Dabidə üçtərəfli formatda danışıqların iki raundu keçirilib. Rusiya tərəfinin açıqlamasına görə, Əbu-Dabi görüşlərində əsasən təhlükəsizlik məsələləri müzakirə olunub.

Siyasi ekspert Məhəmməd Əsədullazadə “Sherg.az”a açıqlamasında ABŞ, Rusiya və Ukrayna arasında keçirilən üçtərəfli Cenevrə görüşünün nəticələrini şərh edib. Onun sözlərinə görə, Əbu-Dabidəki üçtərəfli formatda danışıqlarda əsas müzakirə mövzusu təhlükəsizlik məsələləri olmuşdu və tərəflər daha çox regionda sülhün qorunması, hərbi əməliyyatların qarşısının alınması və sabitliyin təmin edilməsi üzərində fokuslanıblar:

“Lakin Cenevrədə keçirilən ABŞ, Rusiya və Ukrayna danışıqlarında vəziyyət tam fərqli idi. Burada Rusiya tərəfi əsas diqqətini ərazi məsələlərinə və seçkilərin keçirilməsinə yönəldib. Bu yanaşma isə Ukrayna üçün ciddi narahatlıq doğuran amil hesab olunur, çünki ərazi güzəştləri ölkənin suverenliyi və daxili siyasi stabilliyi ilə birbaşa bağlıdır. Danışıqların nəticəsi göstərir ki, proses indi dalana dirənib: Rusiya güzəştlərdən imtina edir, ABŞ isə Ukraynaya təzyiq göstərərək Dombas bölgəsini Rusiyaya verməsini və tərəflərdən atəşkəs razılaşmasını imzalamalarını tələb edir. Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyi isə dəyişməz olaraq qalır. Dombas ərazisində hər hansı güzəştə getmək siyasi baxımdan Ukrayna üçün qəbulolunmazdır. Zelenski bilir ki, belə bir güzəştə getsə növbəti seçkilərdə xalq tərəfindən dəstəklənməyəcək, reytinqi aşağı düşəcək”. 

Məhəmməd Əsədullazadənin sözlərinə görə, yaxın perspektivdə müharibənin bitməsi gözlənilən deyil. Onun fikrincə hazırkı mərhələdə müharibənin davam etməsi ehtimalı yüksəkdir, danışıqlar isə konkret nəticələrə nail olmaqdan uzaq görünür. Politoloq sonda Avropa İttifaqı və Böyük Britaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini qeyd edib.