Heç kimin qaydalarımıza əməl etmədən Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik.
APA xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bu barədə İspaniyanın Seuta anklavında yaranmış miqrasiya böhranı ilə bağlı “X” sosial şəbəkəsində paylaşımında açıqlama verib.
"Seutadan gələn görüntülər qəbuledilməzdir. Heç kimin qaydalarımıza əməl etmədən Avropa İttifaqına daxil olmasına icazə verə bilmərik. Təhlükəli keçidlər dərhal dayandırılmalı, insan alveri şəbəkələri dağıdılmalı və qanunlarımızın imkan verdiyi qaydada geri qaytarmalar sürətlə həyata keçirilməlidir", – deyə Ursula von der Leyen bildirib.
Avropa Komissiyasının sədri qeyd edib ki, vəziyyətin nəzarət altına alınması üçün iki komissara tapşırıq verib.
Onun sözlərinə görə, miqrasiya məsələləri üzrə komissar Maqnus Brunner artıq İspaniya ilə sıx əməkdaşlıq edir və zərurət yaranacağı təqdirdə böhran bölgələrinə səfərə hazırdır. O, həmçinin "Frontex" vasitəsilə İspaniyaya əlavə operativ dəstəyin göstərilməsi üzərində işləyəcək.
Fon der Leyen əlavə edib ki, Aralıq dənizi üzrə komissar Dubravka Şuitsa Mərakeş tərəfi ilə daimi təmasdadır.
"Mərakeşlə yaxın tərəfdaşlığımızın konkret nəticələr verəcəyinə əminəm", – deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.