Üzərlik xəbərdarlığı Rusiyayla bağlı məsələdir - EKSPERT

Azər Allahverənov: “Bir bitki sizi böyük problemlə üz-üzə qoya bilər”

"Hər hansı ölkəyə səfər etməzdən öncə həmin ölkənin miqrasiya qanunvericiliyi ilə yaxından tanış olmalıdırlar"

Səhiyyə Nazirliyi xarici ölkələrə səfərə çıxan vətəndaşlara özləriylə üzərlik götürməməyi tövsiyə edib. Nazirlik bunu üzərliyin tərkibində narkotik effekti verən maddələrin olmasıyla izah edib. Bildirilir ki, tərkibində narkotik təsirli elementlər olan bitkilərin daşınması bir sıra ölkələrdə qanunla qadağandır. Hətta onlar birbaşa narkotik maddə hesab edilməsələr də. 

Vətəndaşlar xarici ölkələrə səfərlərində nələrə diqqət etməlidir?  

“Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov “Sherg.az”a açıqlamasında bildirdi ki, üzərlik xəbərdarlığı faktiki olaraq Rusiyayla bağlı məsələdir. Rusiyaya gedən soydaşlarımızın özləriylə bəzən üzərlik apardığına və hüquq-mühafizə oqranları tərəfindən saxlanıldıqlarına dair kifayət qədər ciddi məlumatlar daxil olub: 

- Bir sıra ailələr özləriylə üzərlik aparıb və onlara cinayət işi açılıb. Bu vəziyyət soydaşlarımızı çox ehtiyatlı olmağa vadar edir. Soydaşlarımızın üzərliyə görə saxlanıldığı ərəfədə Rusiyanın aidiyyəti strukturları mövqelərini açıqladılar. Bildirildi ki, üzərlik narkotik tərkibli maddə olması səbəbindən qadağan edilən bitkilər siyahısına daxil edilib. Və miqrantlara xəbərdarlıq edilirdi ki, üzərlik gətirməsinlər. Ola bilsin bu məlumat Rusiyaya giriş edən miqrantların heç də hamısına əlçatan olmayıb, xəbər tutmayıblar bu qadağa barədə. Üzərliklərə təkcə azərbaycanlılarda deyil, həmçinin Mərkəzi Asiya respublikalarından olan vətəndaşlarda da rast gəlinmişdi. İstənilən halda ehtiyatlı olmaq lazımdır. 

A.Allahverənov bildirdi ki, hər hansı ölkəyə səfər etməzdən öncə həmin ölkənin miqrasiya qanunvericiliyi ilə yaxından tanış olmalıdırlar: 

- Bu, həmçinin səfər edənin fəaliyytinə də aiddir. Hansı iş üçün, hansı fəaliyyət üçün səfər edilirsə, bununla bağlı qaydalarla tanış olmalıdırlar, bilməlidirlər, maksimum informasiya əldə etməlidirlər. Təcrübə göstərir ki, açıq siyasət yürüdən ölkələrdə bu cür problemlər yaşanmır, qadağalar çox deyil. İnsanlar rahat şəkildə bilet alıb səyahət edə bilirlər. Amma Rusiya və bir sıra başqa ölkələrdə miqrasiya qanunvericliyində çox sərt qaydalar mövcuddur. Və bu da miqrantlar ayıq-sayıq olmağa vadar edir. Vətəndaşlar qaydalarla bağlı həmin ölkələrin diplomatik qurumlarına məxsus saytlardan, hüquq şirkətlərindən, hansı ki konsaltinq xidmətləri göstərirlər, məlumatlar paylaşırlar, maksimum informasiya əldə etməlidirlər. İnformasiya təminatı ölkədən ölkəyə dəyişə bilir. Bəziləri geniş tirajlanır. Əcnəbi dillərdə ola bilər, amma onlara əlçatanlıq üçün bir sıra vasitələr var. Xaricə səfər edənlər bu imkanlardan istifadə etməlidrilər.