Uzun yürüş ürək xəstəliklərinə müsbət təsir edir - Araşdırma

"Annals of Internal Medicine" jurnalında dərc olunan araşdırmada yürüş vərdişlərinin ürək-damar xəstəliklərinə təsiri təhlil edilib.

Sherg.az xəbər verir ki, tədqiqat çərçivəsində gündə 8 min addımdan az yeriyən, yaşı 40–79 arasında olan 33 min 560 nəfər iştirak edib. İştirakçılar etdikləri yürüşlərin müddətinə görə qruplara bölünüblər.

Alimlər yürüş müddətlərini 5 dəqiqə, 5–10 dəqiqə, 10–15 dəqiqə və 15 dəqiqədən çox olmaqla kateqoriyalara ayırıblar və iştirakçıların sağlamlıq vəziyyətini təxminən 9 il ərzində izləyiblər.

Nəticələr göstərib ki, gündəlik eyni sayda addımı daha uzunmüddətli (15 dəqiqədən çox) fasiləsiz yürüşlə toplayan şəxslərdə ürək-damar xəstəlikləri riski, həmin addım sayısına qısa, lakin tez-tez edilən yürüşlərlə çatanlarla müqayisədə daha aşağı olub.

Araşdırma müəlliflərindən Borja del Pozo Cruz bildirib: “Qısa yürüşlərin faydasız olduğunu demirik. Sadəcə, gündəlik addım sayısına uzun yürüş vasitəsilə çatmaq daha yaxşı nəticə verir.”

Digər tərəfdən, bəzi mütəxəssislər nəticələrin qəti olmadığını vurğulayıblar. Onların fikrincə, iştirakçıların tədqiqatın əvvəlindəki sağlamlıq vəziyyəti, etnik mənsubiyyəti və illər ərzində yürüş vərdişlərinin dəyişə bilməsi kimi amillər nəticələrə təsir göstərə bilər.

İngiltərədəki Open Universitetinin professoru Kevin McConvay isə qeyd edib ki, araşdırma yürüşlə ürək sağlamlığı arasında əlaqəyə işarə etsə də, yürüşün birbaşa sağlamlaşmaya səbəb olduğunu tam sübut etmir.