Xamenei danışıqlara “yaşıl işıq” yandırdı - Amma son qərar Trampındır - ŞƏRH

“İran mümkün müharibənin qarşısını almaq üçün uran məsələsində ABŞ-yə güzəşt etməyə hazırdır”.

Sherg.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bununla yanaşı, ABŞ-nin Tehrandan iki tələbinin də olduğunu bildirib:

“İran Prezidenti Məsud Pezeşkian bəyan edib ki, ABŞ ilə aparılan danışıqlar ölkənin Ali rəhbəri Əli Xameneinin koordinasiyası və dəstəyi ilə həyata keçirilir. Bu o deməkdir ki, İranı danışıqlarda təmsil edən xarici işlər naziri Abbas Əraqçi ilk növbədə ali rəhbərin təlimatına istinad etməlidir. İran mühafizəkarları ABŞ-dən çəkinmədiklərini söyləsələr də, müharibə ehtimalının qarşısını almağa çalışırlar. Təsadüfi deyil ki, Tehran uranın zənginləşdirilməsi məsələsində güzəştə getməyə hazır olduğunu nümayiş etdirib. Bundan başqa, Tehran zənginləşdirilmiş uranın üçüncü ölkələrdən birinə təhvil verməyə də hazırdır. Üçüncü ölkə kimi Rusiyanın adı çəkilir. Kremllə dialoqu olan ABŞ Prezidenti Donald Tramp buna etiraz etməz. Amma məsələ bununla bitmir.

Politoloq hesab edir ki, Trampın İranın uranın zənginləşdirilməsindən imtinasından başqa, daha iki tələbi (uzaqmənzilli ballistik raketlər və bölgədəki proksi qüvvələrə dəstəkdən imtina) var:

"Bu tələblərin yerinə yetirilməsi ABŞ-nin bölgədəki strateji müttəfiqi İsrailin təhlükəsizliyinin təmin edilməsi istəyi ilə bağlıdır. Ancaq Tehran Vaşinqtonla yalnız uran mövzusunda danışıqları davam etdirməyə razılığını bildirib, digər məsələləri isə müzakirə etmək istəmir.

Tehran Vaşinqtonun uranın zənginləşdirilməsi ilə bağlı tələbini yerinə yetirərsə, müharibə ehtimalı ortadan qalxacaqmı və ABŞ hərbi gəmilərini İran sahillərindən uzaqlaşdıracaqmı? Tramp hələ qərar verməyib”.