ABŞ-İsrail hücumunda öldürülən İranın Ali dini lideri Xameneinin dəfn proqramı bəlli olub.
Sherg.az xəbər verir ki, təfərrüatlar belədir...
ABŞ-İsrailin hücumu nəticəsində həyatını itirən İran lideri Ayətullah Əli Xameneinin cənazəsinin Məşhəd şəhərində torpağa tapşırılacağı bildirilib.
İranın Fars Xəbər Agentliyinin məlumatına görə, Xameneinin nəşi paytaxt Tehran şəhərində keçiriləcək mərasimlərdən sonra Səkkizinci İmam – İmam Rza Türbəsinin yerləşdiyi Məşhəd şəhərində dəfn ediləcək.
Dəfn proqramı ilə bağlı detalları paylaşan Iran International News bildirib ki, Xameneinin dəfn mərasimi İmam Xomeyni məscidində üç gün və 24 saat fasiləsiz davam edəcək. Mərasimin bu gün yerli vaxtla saat 18:30-da başlayacağı açıqlanıb.
Qeyd edək ki, İsrail və ABŞ, Tehran və Vaşinqton administrasiyaları arasında danışıqlar davam etdiyi bir vaxtda – fevralın 28-də İrana qarşı hərbi hücuma başlayıb. İran isə İsraillə yanaşı, ABŞ hərbi bazalarının yerləşdiyi Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn başda olmaqla bəzi region ölkələrində müəyyən etdiyi hədəflərə zərbələr endirməklə cavab verib.
ABŞ-İsrail hücumları nəticəsində İran lideri Ayətullah Əli Xamenei ilə yanaşı, çox sayda yüksək vəzifəli şəxs də həlak olub.
İran Qızıl Aypara Cəmiyyəti ABŞ-İsrail hücumları nəticəsində 787 nəfərin həyatını itirdiyini açıqlayıb.