"“Xocalıya ədalət" artıq qlobal hərəkatdır - 18 ölkə, 24 ştat tanıdı!"
Xocalı qətliamından 34 il keçir. Bu qətliam təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
1992-ci ilin 26 fevralında Xocalıda dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın yalnız Azərbaycan xalqına qarşı eləcə də bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş ağır cinayət idi. Həmin gecə yüzlərlə günahsız insanın amansızcasına qətlə yetirilməsi beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması, insanlıq dəyərlərinin tapdanması idi. Otuz dörd il keçməsinə baxmayaraq, Xocalı ağrısı milli yaddaşımızda yaşayır, lakin bu gün həmin faciəyə artıq tarixi ədaləti bərpa etmiş qalib dövlətin mövqeyindən baxırıq. Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan ardıcıl siyasi və diplomatik fəaliyyət, eləcə də Qarabağın azad olunması ilə təmin edilən tarixi Zəfər bu qanlı cinayətin unudulmadığını və unudulmayacağını göstərir. Öz miqyasına görə tarixdə analoqu olmayan Xocalı soyqırımını törətməklə erməni şovinistləri qəddarlıqda heç də faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi planlaşdırılmış etnik təmizləmə və təcavüz siyasətinin tərkib hissəsi idi. Dünya birliyinin gözü qarşısında baş verən bu dəhşətli qətliam xüsusi qəddarlığı ilə seçilir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərini yerlə-yeksan etdi, dinc əhalini gülləbaran etdi. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülmuş, 8 ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirmiş, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olmuşdur. Soyqırımı baş verən gecə 1275 nəfər dinc sakin girov götürülmüş və onlardan 150-nin taleyi indi də məlum deyil. Bütövlükdə, Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.
Milli Məclisin deputatı Şahin Seyidzadə “Sherg.az”a bildirib ki, Xocalı soyqırımı təkcə Azərbaycan xalqının yaddaşına həkk olunmuş milli faciə deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması zəruri olan ağır insanlıq cinayətidir:
“Müasir dövrdə informasiya müharibələrinin, siyasi manipulyasiyaların və ikili standartların hökm sürdüyü beynəlxalq münasibətlər sistemində Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan dövlətinin və cəmiyyətinin əsas prioritetlərindən birinə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən ardıcıl və məqsədyönlü fəaliyyət Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması prosesini sürətləndirmiş, tarixi ədalətin bərpasına doğru mühüm addımlar atılmışdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli yaddaş və həqiqət siyasəti Prezident İlham Əliyev tərəfindən yeni siyasi reallıqlar fonunda daha da gücləndirilmişdir. Dövlət başçısının qətiyyətli mövqeyi nəticəsində Xocalı faciəsi yalnız regional münaqişə kontekstində deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət kimi təqdim olunmuşdur. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində sistemli fəaliyyət XX əsrin sonlarından etibarən formalaşmağa başlamışdır. Azərbaycan dövləti bu faciənin dünya ictimaiyyətinə çatdırılması üçün diplomatik kanallardan, beynəlxalq təşkilatlardan və ikitərəfli münasibətlərdən səmərəli şəkildə istifadə etmişdir. 1994-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin “Xocalı soyqırımı günü haqqında” qərarı faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilməsini təmin etmiş və beynəlxalq tanınma prosesinin normativ əsasını formalaşdırıb. Bu qərar sonrakı illərdə beynəlxalq tribunalarda və parlamentlərdə aparılan müzakirələr üçün əsas istinad sənədi rolunu oynayıb. Xocalı soyqırımı bu günədək dünyanın müxtəlif ölkələrinin qanunverici orqanları tərəfindən qəbul edilmiş sənədlərdə soyqırımı və ya kütləvi qırğın aktı kimi tanınıb. Hazırda 18 ölkənin parlamenti, eləcə də ABŞ-ın 24 ştatı Xocalıda törədilmiş cinayətləri pisləyən və tarixi həqiqətləri əks etdirən qətnamələr qəbul edib. Bosniya və Herseqovina, Pakistan, Meksika, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya, Əfqanıstan və Bolqarıstan kimi ölkələrin parlamentlərinin mövqeyi beynəlxalq hüquq və humanitar dəyərlərə əsaslanan prinsipial yanaşmanın nümunəsidir. Xüsusilə Bosniya və Herseqovinanın Xocalı soyqırımını tanıması Balkan regionunun özünün də soyqırımı faciəsini yaşamış xalq kimi məsələyə həssas münasibətinin ifadəsi olub. Xocalı soyqırımının beynəlxalq tanınmasında İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi qərarlar mühüm rol oynayıb. 2012-ci il 20 noyabr tarixində Cibutidə keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilib. Bu sənəd Xocalı faciəsinin beynəlxalq siyasi platformada tanınması baxımından mühüm mərhələ olub. 2013-cü ilin fevral ayında Qahirədə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının XII İslam Zirvə Konfransının Yekun Kommünikesində üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində səylərini artırmağa çağırılıb. Bu mövqe Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə sistemli şəkildə təbliğinə güclü siyasi dəstək verib”.
Deputatın sözlərinə görə, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasında ən mühüm təşəbbüslərdən biri “Xocalıya Ədalət” beynəlxalq kampaniyasıdır. Kampaniyanın təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır:
“2008-ci ildə start verilmiş bu təşəbbüs qısa müddətdə qlobal miqyaslı maarifləndirmə hərəkatına çevrilmişdir. “Xocalıya Ədalət” kampaniyasının əsas məqsədi Xocalı soyqırımının tanınmasına nail olmaq, Ermənistanın bu cinayətə görə məsuliyyət daşımasını təmin etmək və dünya ictimaiyyətinin məlumatlılığını artırmaqdır. Kampaniya çərçivəsində müxtəlif ölkələrdə sərgilər, konfranslar, seminarlar, yürüşlər, anım tədbirləri təşkil edilmiş, sosial şəbəkələrdə geniş informasiya təşviqatı aparılmışdır. Hazırda kampaniyanı 100 minlərlə insan və 115 beynəlxalq təşkilat dəstəkləyir. Bu fakt “Xocalıya Ədalət” təşəbbüsünün yalnız milli deyil, qlobal miqyasda qəbul olunduğunu göstərir. “Justice for Khojaly” informasiya portalı Xocalı soyqırımı ilə bağlı həqiqətlərin yayılmasında mühüm təbliğat platforması kimi çıxış edir. Portalda hadisələrin xronologiyası, hüquqi təhlillər, şahid ifadələri, foto və video materiallar, beynəlxalq ekspertlərin rəyləri yer alır. Bu resurs dünya ictimaiyyətinin Xocalı faciəsi barədə obyektiv məlumat əldə etməsinə şərait yaradır. Portalın fəaliyyəti informasiya müharibəsi şəraitində dezinformasiyalara qarşı mübarizədə xüsusi əhəmiyyət daşıyır və tarixi faktların saxtalaşdırılmasının qarşısının alınmasına xidmət edir. Xocalı soyqırımı barədə ilk məlumatlar beynəlxalq mediada hələ 1992-ci ilin fevral-mart aylarında dərc edilib. Parisdə nəşr olunan “Krua l’Eveneman” jurnalı, Londonda çıxan “Sunday Times”, “The Times”, “Financial Times”, Moskvada nəşr olunan “İzvestiya”, Fransanın nüfuzlu “Le Monde” qəzeti Xocalıda törədilmiş vəhşilikləri açıq şəkildə təsvir edib. . Xarici jurnalistlərin şahid olduqları faktlar eybəcər hala salınmış meyitlər, öldürülmüş qadın və uşaqlar, insan ləyaqətini alçaldan zorakılıqlar bu faciənin uydurma deyil, acı reallıq olduğunu sübut edib. Bu yazılar Xocalı həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında mühüm rol oynayıb”.
Ş. Seyidzadənin sözlərinə görə, müasir dövrdə beynəlxalq tanınma təkcə hüquqi sənədlərlə deyil, ictimai rəyin formalaşdırılması ilə də sıx bağlıdır. Azərbaycan bu istiqamətdə dövlət qurumları, diaspor təşkilatları, qeyri-hökumət strukturları və vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti ilə kompleks strategiya həyata keçirir:
“Prezident İlham Əliyevin vurğuladığı kimi, “Xocalıya ədalət!” tələbi tarixi həqiqətə, beynəlxalq hüquqa və insanlıq dəyərlərinə əsaslanır. Bu tələb yalnız keçmişin deyil, gələcəyin də ədalət çağırışıdır. Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində əldə edilən nəticələr Azərbaycan dövlətinin ardıcıl siyasətinin və qlobal maarifləndirmə fəaliyyətinin bəhrəsidir. “Xocalıya Ədalət” kampaniyası, qəbul edilmiş parlament qətnamələri, beynəlxalq təşkilatların mövqeyi və dünya mediasında yer alan faktlar bu faciənin unudulmadığını və unudulmayacağını göstərir. Xocalı həqiqətlərinin tanınması təkcə Azərbaycanın haqq səsi deyil, bütün bəşəriyyətin vicdan məsələsidir. Tarixi ədalətin bərpası və insanlığa qarşı törədilmiş cinayətlərin cəzasız qalmaması üçün bu mübarizə davam etdirilməlidir”.