"ABŞ-nin dəstəyi İsrail üçün önəmli olsa da, Təl-Əviv bəzi hallarda Vaşinqtondan açıq hərbi razılıq almadan da hərəkət edə biləcəyini göstərir"
Beynəlxalq münasibətlərdə ciddi dəyişikliklər baş verir. Rusiya ilə Çin bir-birinə daha çox yaxınlaşır. Belə ki, Moskva və Pekin, ABŞ-nin “Qızıl Qübbə" raketdən müdafiə layihəsini strateji sabitliyə təhdid kimi qiymətləndirib. İki dövlət arasında yaxınlaşma və Vaşinqtona qarşı səsləndirilən iddilar isə ABŞ ilə münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilər.
Bu proses qlobal güc balansının yenidən formalaşdığını göstərir. Eyni zamanda, tərəflər arasında artan qarşılıqlı etimadsızlıq beynəlxalq təhlükəsizliyi də sual altına alır.
Beynəlxalq münasibətlər üzrə siyasi şərhçi Cevat Gök Sherg.az-a Rusiya-Çin-ABŞ geosiyasi üçbucağından və regiondakı mövcud vəziyyətdən danışıb:
"Rusiya ilə Çinin son dövrlərdə bir-birinə daha çox yaxınlaşması, bir çox insanın düşündüyü kimi, birbaşa ABŞ ilə bu iki ölkə arasında böyük müharibəyə səbəb olmayacaq. Çünki bu gün qlobal sistemdə böyük güclər arasındakı rəqabət artıq yalnız hərbi üsullarla aparılmır. İqtisadi asılılıqlar, enerji ticarəti, texnologiya rəqabəti, sanksiyalar və diplomatik balans siyasəti birbaşa müharibəni çətinləşdirir. Xüsusilə nüvə gücləri arasında mümkün qarşıdurmanın yaradacağı dağıntı tərəfləri daha nizamlı hərəkət etməyə sövq edir. Bu səbəbdən artıq dövlətlər açıq müharibə əvəzinə daha çox proksi müharibələr, iqtisadi təzyiqlər və regional nüfuz mübarizələri üzərindən rəqabət aparırlar.
Yaxın gələcəkdə ABŞ ilə Rusiya və ya ABŞ ilə Çin arasında birbaşa böyük müharibənin baş verəcəyinə inanmıram. Tərəflər bir-birlərini təhdid kimi görsələr də, qlobal iqtisadiyyatın və beynəlxalq sistemin tamamilə çökməsinin öz maraqlarına da zərər verəcəyini bilirlər. Buna görə də gərginlik zaman-zaman artsa belə, nizamlı gərginlik modeli qorunmağa çalışılır".
Analitik İranla ABŞ-nin nə müharibə, nə də sülh vəziyyətində olduğunu bildirib:
"Buna qarşılıq İsrail məsələsi bir qədər fərqli yerdə dayanır. İsrail ABŞ-dən tamamilə müstəqil hərəkət etməsə belə, lazım gəldikdə birtərəfli hərbi əməliyyat həyata keçirə bilən aktor olduğunu dəfələrlə göstərib. Xüsusilə İranın bölgədəki təsiri, nüvə proqramı və dəstəklədiyi silahlı qruplar İsrail baxımından birbaşa milli təhlükəsizlik məsələsi hesab olunur. Bu səbəbdən Təl-Əviv rəhbərliyi öz təhlükəsizlik anlayışı çərçivəsində İran hədəflərinə qarşı əməliyyatlar həyata keçirə bilər".
Ekspert vurğulayıb ki, ABŞ-nin dəstəyi İsrail üçün önəmli olsa da, Təl-Əviv bəzi hallarda Vaşinqtondan açıq hərbi razılıq almadan da hərəkət edə biləcəyini göstərir:
"Yaxın gələcəkdə İsrail ABŞ olmadan birtərəfli şəkildə İrana hücum edə bilər".