Yunan mediasından etiraf: “Türkiyə ilə rəqabət apara bilmərik”

Yunanıstan mediasında yayımlanan analizdə Türkiyə ilə bağlı diqqətçəkən etiraf yer alıb.

Sherg.az-ın məlumatına görə, yazıda bildirilir ki, Afina Fransa ilə müdafiə əməkdaşlığını gücləndirsə də, Ankaranın hərbi-sənaye və iqtisadi gücü qarşısında simmetrik rəqabət aparmaq imkanına malik deyil.

Analizdə qeyd olunur ki, Türkiyə daha böyük əhali, daha güclü iqtisadiyyat və inkişaf etmiş müdafiə sənayesi ilə Yunanıstan üçün əsas strateji rəqib olaraq qalır. Bu səbəbdən Afinanın birbaşa rəqabət əvəzinə daha çevik, koordinasiyalı və çəkindiriciliyə əsaslanan strategiya seçməsi tövsiyə edilir.

Eyni zamanda vurğulanır ki, Fransa ilə razılaşma əhəmiyyətli olsa da, bu, avtomatik hərbi təminat demək deyil. Yazıda həmçinin qeyd edilir ki, ABŞ, Fransa və ya İsrail kimi müttəfiqlər mümkün böhran zamanı Yunanıstan uğrunda avtomatik şəkildə müharibəyə qoşulmaya bilər.

Nəticə olaraq, analitiklər Afinaya yalnız müttəfiqlərə güvənməməyi, milli hərbi potensialını gücləndirməyi və müdafiəni öz resursları üzərində qurmağı tövsiyə edir.