Yaponiya dövlət televiziyası NHK-nin məlumatına görə, son aylarda rekord səviyyəyə çatan ayı hücumlarına qarşı tədbirlər gücləndirilsə də, yaşayış məntəqələrində oxşar hadisələr davam edir.
Sherg.az xəbər verir ki, Tokionun şimalında yerləşən Gunma prefekturasının Numata şəhərində, 69 yaşlı kişi qatar stansiyasının yaxınlığındakı ictimai tualetdən çıxarkən ayının hücumuna məruz qalıb.
Ayı ilə mübarizə apararaq yüksək səslər çıxarmaqla onu uzaqlaşdırmağa nail olan kişi sağ ayağından yaralanıb. Hadisə yerinə yaxın ərazilərdə patrul aparan polis əməkdaşları sakinləri mümkün olmadıqca çölə çıxmamağa çağırıb.
8 oktyabrda Numata şəhərində marketə girən bir ayının hücumunda 2 nəfər də yaralanmışdı. Son dövrlərdə artan ayı hücumlarına qarşı Tokio hökuməti yeni tədbirlər görür.
Səlahiyyətlilər yeni lisenziyalı ovçuların işə götürülməsini planlaşdırdıqlarını, ayı hücumlarının daha çox qeydə alındığı Akita prefekturasına isə əlavə hərbçilər göndərilməsi barədə qərar qəbul edildiyini açıqlayıb.
Yaponiyanın Milli Polis Agentliyi ayıların ovlanması prosesində polis əməkdaşlarına tüfənglə atəş açmağa icazə verib. Baş nazir Takaiçi Sanae də ölkədə artan ayı hücumları fonunda yerli özünüidarəetmə orqanlarına əlavə büdcə ayrılması təklifini təqdim etməyə hazırlaşdıqlarını bildirib.