Kəlbəcərdəki yanğının söndürülməsi davam etdirilir- YENİLƏNİB

Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğının söndürülməsi tədbirləri davam edir.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, havanaın küləkli olması və relyefin mürəkkəbliyi yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də, hazırda yanğının söndürülməsi əməliyyatı fasiləsiz olaraq davam etdirilir.

***

28 noyabr, 23.47

Kəlbəcər rayonu Qalaboynu, Qaraxançallı, Şəkaram və Çovdar kəndləri ərazisində açıq örüş-otlaq sahələrində yanğınla bağlı Kəlbəcər Polis Şöbəsinin əməkdaşları əraziyə cəlb olunublar.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Yanğın zonasının nəzarətə götürülməsi, həmçinin yanğınsöndürmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlərin görüldüyü bildirilib.

***

21:32

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefom xəttinə Kəlbəcər rayonu, Qalaboynu kəndi istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat verib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Havanın küləkli olması və relyefin mürəkkəbliyi yanğının söndürülməsini çətinləşdirsə də hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.