Minaya düşən şəxs Bərdə Diaqnostika Mərkəzinə göndərildi - YENİLƏNİB

Ağdərə rayonunun Şıxarx qəsəbəsi ərazisində minaya düşən 55 yaşlı Nazim Kamran oğlu Pənahəliyev Bərdə Diaqnostika Mərkəzinə aparılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, heyvan otararkən mina partlayışı nəticəsində yaralanan N. Pənahəliyev əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan bildirilib ki, zərərçəkənə ilkin tibbi yardım göstərildikdən sonra o, Bərdə Diaqnostika Mərkəzinə təxliyə edilib.

Hazırda Pənahəliyev əməliyyat olunmaq üçün əməliyyat masasına götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, minaya düşən Nazim Pənahəliyev Laçın rayonunun Qovuşuq kənd sakinidir.