“Yük avtomobillərinin sürücülərinə qarşı ən ciddi tədbirlər görülməlidir” - Eldəniz Cəfərov

  • “Bir sürücünün səhlənkarlığı günahsız insanların ölümü ilə nəticələnir”
  • “Ağırtonnajlı maşınlar bəzən icazə verilən həddən artıq yüklənir”

Yük avtomobillərinin iştirakı ilə baş verən yol-nəqliyyat qəzalarının sayı təəssüf ki, artır. Təsdiqlənməmiş məlumatlara görə, son həftələrdə Bakı-Sumqayıt, Bakı-Quba, Bakı-Qazax avtomobil yollarında, Yevlax və Şəmkir kimi müxtəlif bölgələrdə ağır yük maşınlarının iştirakı ilə bir sıra qəzalar baş verib.

Baş Dövlət Yol Polisi İdarəsi bu gün Bakı–Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. Bildirilir ki, bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb. İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Sherg.az-a açıqlamasında bildirdi ki, Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına daim xəbərdarlıqlar edir, maarifləndirici tədbirlər keçirir, lakin sükan arxasında əyləşənlərin məsuliyyətsizliyi səbəbindən ağır qəzalar baş verir, insan itkisi yaşanır:

- Yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymaması, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirmələri yolverilməzdir. Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil, digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz. Hesab edirik ki, yolları təhlükə mənbəyinə çevirən, digər hərəkət iştirakçılarının həyatına açıq təhdid yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər daha da gücləndirilməlidir. Kobud qayda pozuntularına yol verən, insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ən ciddi və təsirli tədbirlər görülməlidir. Yük avtomobilləri də bütün digər yol hərəkəti iştirakçıları kimi qaydalara əməl etməlidirlər. Onların heç bir xüsusi imtiyazı yoxdur. Baş vermiş bu ağır qəzanın səbəbləri hələ bilinmir. Amma sirr deyil ki, yük avtomobilləri bəzən icazə verilən həddən daha artıq yüklənir, ağır tonnajlı maşınlar üçün ayrılmış reqlamentdən kənara çıxırlar. Bəlkə də uzun məsafə qət etdiklərindən yorğun, yuxusuz olurlar, sükan arxasında diqqətləri dağılır, yol nişanlarını fərq edə bilmirlər, avtomobil də ağırtonnajlı olduğundan manevr imkanları çox zəif olur, nəticədə bu cür faciəli hadisələr baş verir".

E.Cəfərov qeyd etdi ki, “Scania” İsveç istehsalı olan, dünyaca məşhur ağır tonnajlı yük avtomobilləridir:

- Onların sırasında tırlar da var, dartıcılar və özüboşaldan avtomobillər də var. Bu marka nəqliyyat və logistika sahəsində öz dözümlülüyü və güclü mühərrikləri ilə tanınır. Uzaq məsafələrə, regional yük daşımaları ilə yanaşı, şəhərdaxili paylama və tullantıların daşınması üçün, tikintilərdə də bu avtomobillərdən istifadə edilir. Əsas tələb sürücülərin yol-hərəkəti qaydalarını bilməsi, maarifləndirilməsi, avtomobilin icazə verilən həddən artıq yüklənməməsi, reqlamentə uyğun yola çıxmalarıdır.