Ağ Evdə Makron-Tramp görüşü nəticəsiz başa çatıb - ŞƏRH
Avropa dövlətləri birlik nümayiş etdirərsə, ABŞ müəyyən dərəcədə siyasətində korrektələr edəcək
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Fransa Prezidenti Emmanuel Makronu qəbul edib. İki həmkar daha sonra isə mətbuat mənsubları ilə gündəmi dəyərləndiriblər. Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin mədənlərlə bağlı sazişi imzalamaq üçün bu həftə və ya gələn həftə ölkəsinə gələcəyini bildirib. Tramp Prezident Zelenski ilə görüşəcəyini söyləyib:
"O, əslində, bu həftə və ya gələn həftə (qiymətli mədənlər) sazişini imzalamaq üçün gələ bilər. Hazırda saziş üzərində iş gedir. Biz yekun razılaşmaya çox yaxınıq". Tramp razılaşmanın həm ABŞ, həm də Ukrayna iqtisadiyyatına əhəmiyyətli töhfələr verəcəyini vurğulayıb. Fransa lideri isə bildirib ki, Ukraynada mümkün sülh Ukraynanın təslim olması demək deyil. Qeyd olunub ki, ABŞ və Ukrayna hökumət rəsmiləri bir həftə ərzində nadir torpaq elementləri və minerallar üzrə iqtisadi tərəfdaşlıq sazişi imzalaya bilərlər. Ukraynalı rəsmilər bildiriblər ki, sövdələşmə yaxındır. Saziş layihəsinə əsasən, tərəflər Ukraynanın yenidən qurulması üçün birgə investisiya fondu yaratmağı planlaşdırır. Sənədə əsasən, ABŞ hökuməti sabit və iqtisadi cəhətdən çiçəklənən Ukraynanı inkişaf etdirmək üçün maliyyə öhdəliklərini üzərinə götürəcək. Eyni zamanda, Vaşinqton heç bir təhlükəsizlik zəmanəti vermir. Müqavilənin şərtləri Ukraynanın fonda təxminən 500 milyard dollar töhfə verməli olduğunu və Kiyevin maliyyə sərmayəsinin Vaşinqtonun oxşar öhdəliklərindən iki dəfə çox olacağını nəzərdə tutur. Sənəddə həmçinin Ukraynanın faydalı qazıntılar, neft və qaz hasilatından əldə etdiyi gəlirin 50 faizinin fonda köçürülməsi nəzərdə tutulur. Xatırladaq ki, Tramp fevralın əvvəlində bəyan edib ki, Vaşinqton Ukraynadan nadir torpaq metalları almaqda maraqlıdır. Fevralın 12-də ABŞ-nin maliyyə naziri Skott Bessent Kiyevdə mineral ehtiyatlara dair sazişin mətnini Zelenskiyə təhvil verib. Əvvəllər saziş bağlamağa hazır olduğunu bildirən Zelenski bunu nə Bessentlə görüşdə, nə də daha sonra Münhendə ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens ilə görüşdə imzalayıb. Zelenski iddia edib ki, təklif olunan variantda təhlükəsizlik təminatları yoxdur. Bununla belə, fevralın 21-də ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts Zelenskinin yaxın vaxtlarda ABŞ ilə müqavilə imzalayacağını bildirib.

Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, ABŞ Prezidenti D.Tramp Ukraynaya hərbi yardımları dayandırmaqla Ukraynanı atəşkəsə məcbur etmək niyyətindədir. Ekspertin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin müharibənin bitməsi üçün ABŞ-dən hərbi yardımları dayandırmağı dəfələrlə tələb edib:
"Ağ Evdə Makron-Tramp görüşü nəticəsiz başa çatıb. Avropa dövlətləri birlik nümayiş etdirərsə, ABŞ müəyyən dərəcədə siyasətində korrektələr edəcək. Avropa formalaşan geosiyasi nizamda yeni güc olaraq ortaya çıxır. Rusiya-Ukrayna müharibəsinin üçüncü ilində Avropanın bir çox liderləri Kiyevə toplaşdı. Bu, Avropa İttifaqının Ukraynaya siyasi dəstəyinin bariz nümunəsidir. ABŞ Prezidenti Trampın Ukraynaya qarşı təzyiqləri fonunda Avropa dövlətlərinin qətiyyətli birlik nümayiş etdirməsi Zelenskinin mövqeyini kifayət qədər gücləndirdi. ABŞ-dən hərbi yardımlar kəsiləcəyi fonunda Avropanın Ukraynaya hərbi dəstəyi artacaq. Böyük Britaniya və Fransa kifayət qədər sərt mövqe ortaya qoyub. Almaniyada anti-Rusiya yönümlü Xristian-Demokratların seçkidə qələbə əldə etməsi, rəsmi Berlinin siyasətində əsaslı dəyişikliklərə gətirib çıxaracaq. Seçkilərdə qələbə çalan partiya lideri Almaniyanın ABŞ-dən asılılığına son qoyacağını və Rusiyaya qarşı Ukraynanı tam dəstəkləyəcəyi mesajını verib. Sabiq kansler Şolts münaqişəyə spesifik yanaşırdı. Bu da Qərb blokunda müəyyən fikir ayrılıqlarına səbəb olurdu. Görünür, Avropa dövlətləri anti-Rusiya koalisiyası quraraq Tramp-Putin sövdələşməsinin qarşısını alacaq. Digər məqam odur ki, Avropa dövlətləri Ukrayna ilə bağlı siyasətlərində Türkiyə ilə koordinasiyalı çalışır. Ukrayna lideri Türkiyə ilə əməkdaşlıqda israrlıdır. Rusiyanın xarici işlər naziri S.Lavrovun Ankaraya səfər etməsi məhz Ankaranın Ukrayna siyasətindən duyulan narahatlıqla bağlıdır. Avropa yeni siyasi iqtisadi və hərbi güc olaraq ortaya çıxacaq. Növbəti mərhələdə Rusiya üçün çətin sınaqlar var. Əgər Vaşinqton Zelenski ilə birbaşa təmasda olmazsa və dəstək verməzsə, Avropa kimi əsas strateji müttəfiqinin etimadını itirəcək".