"Nazirliyin AZE brendini  özününküləşdirməsi məntiqlidir"

"Azərbaycan idmançıları indiyədək əksər mötəbər yarışlarda böyük uğurlara imza atıb. Nailiyyətlər fərdi növlərdə və arxasında AZE yazılmış formalarla qazanılıb".

"Sherg.az"ın xəbərinə görə bu barədə idman jurnalisti Elşən Məmmədov yazıb. 

Jurnalist bildirib ki, AZE sözü bir növ brendə çevrilib. Bu, həm də Azərbaycan idmançılarının qatıldıqları yarışlar üçün beynəlxalq nişandır: 

"Ona görə də AZE brendini Gənclər və İdman Nazirliyinin özününküləşdirməsi məntiqlidir. Kreativ ideyadır və son zamanlar sadə brendlərə üstünlük verilmə tendensiyasının davamıdır. İlk baxışdan, "Bu loqonu hamısı hazırlaya bilərdi, nəyə lazım idi 100 müraciət götürmək?" sualı yaransa da, dərindən düşünəndə görürsən ki, belə ideya sadəcə, heç kimin ağlına gəlməzdi. Çünki hamının başı, üstündə 3 rəngli Azərbaycan bayrağı, gənclər və idmançılara xas hansısa əlaməti göstərən loqolar hazırlamağa yönəlmişdi. Amma AZE brendinə sahib çıxmaqda da qüsur var. Məsələn, AFFA-nın loqosunda bu sözü hansı dildə və əlifba ilə yazsan, abbreviaturası elə AFFA olacaq. Vaxtilə bu qurumun rəhbərliyi heç 100 eskiz dalınca qaçmadan elə AFFA sözünü loqo kimi müəyyənləşdirmişdi. "Sadəlik gözəllikdir" prinsipi əladır. Ancaq yeganə narahatlıq "AZE" sözünün Azərbaycan dilində heç nəyi ifadə etməməsindədir. Yəni, bu ölkədə AZE adlı nə söz, nə abbreviatura, nə də Azərbaycanın qısa formada azəbaycanca yazılmış adı var. İdmançılar yalnız  Azərbaycanda yox, dünyada fəaliyyət göstərirlər. Onların AZE yazılmış formalarla meydana çıxmaları normaldır. Lakin Gənclər və İdman Nazirliyinin bu sözü özəlləşdirməsi və öz loqosu kimi təqdim etməsi birmənalı reaksiya doğurmayacaq. Orta məktəbdə müəllimimiz deyərdi ki, ən sanballı əsər ona deyilir ki, insanı düşündürsün. Kim bilir, bəlkə də Gənclər və İdman Nazirliyinin yeni loqosu da bu qəbildən bir əsərdir..".

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin yeni loqosu cəmiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət "AZE" loqosuna etirazını ifadə edib.