UWW: Burhan İstanbulda qızıl medal qazansa belə, Rafiqi keçə bilməyəcək


Türkiyənin İstanbul şəhərində ənənəvi olaraq Yaşar Doğu, Vəhbi Əmrə və Hamit Kaplanın şərəfinə güləş üzrə beynəlxalq turnir keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, budəfəki yarış güləşçilərə reytinq xalları qazandıracaq. Ümumdünya Güləş Birliyi (UWW) bununla bağlı azərbaycanlı yunan-Roma güləşçilərinin reytinqdə yüksəlmək şanslarını dəyərləndirib.

Taleh Məmmədov (63 kq)

Hazırda dünya reytinqində 25 min xalla 6-cı sıradadır. 12 idmançının yarışacağı çəki kateqoriyasında Taleh qızıl və ya gümüş medal qazansa, 3-cü sıraya qalxa bilər. Hazırda bu pillədə Lenur Temirov (Ukrayna) və Kensuke Simizu (Yaponiya)qərarlaşıb. Hər ikisinin 31 min xalı var.

Sənan Süleymanov (77 kq)

Son dünya ikincisi olan Sənan hazırda 37 min xalla 5-cidir. Medal qazansa, reytinqdə ilk “3-lüy”ə düşəcək. Azı bürünc medal əldə etsə, son dünya çempionu, hazırda reytinqdə 45 min xalla 3-cü olan Roman Vlasovu (Rusiya) keçəcək. Bunun üçün ona əlavə xallar da kömək edəcək.

Rafiq Hüseynov (82 kq)

Rafiq və Burhan Akbudak (Türkiyə) Norveçin paytaxtı Osloda keçirilən son dünya çempionatının finalında üz-üzə gəlib. Rafiq Burhana qalib gəlib və hazırda dünya reytinqində müvafiq olaraq 1-2-ci pillədədirlər. İndi hər iki idmançının İstanbulda öz reytinq xallarını artıracağı gözlənilir. Hüseynovun 45 min, Akbudakın 37 min xalı var. Türkiyəli güləşçi İstanbulda qızıl medal qazansa belə, Rafiqi keçə bilməyəcək. Ən yaxşı halda, o, xalları bərabərləşdirə bilər.

Qeyd edək ki, qızıl medalçı 8 min, gümüş mükafatçı 6 400 və 3-cü yerlərin sahibləri isə 5 200 reytinq xalı əldə edəcək. Bundan başqa, qaliblərə iştirakçı sayının çoxluğuna əsasən əlavə xallar da veriləcək.

Onu da bildirək ki, bu il digər reytinq yarışları Qazaxıstanın Almatı (2-5 iyun), İtaliyanın paytaxtı Roma (22-25 iyun) və Tunisin paytaxtı Tunis (14-17 iyul) şəhərlərində keçiriləcək.