“Azəriqaz” istehlakçı hüquqlarını açıq şəkildə pozur - Hüquq müdafiəçisi

Kağız bildirişlərin ləğvi narazılıq yaratdı, vətəndaşlar kor-koranə ödəyir

“Azəriqaz”ın oyunları bitmir. Müasir smart-kartlı qaz sayğaclarını ötən əsrin mexaniki sayğacları ilə dəyişdilər, amma indi kağız bildiriş verirlər ki, elektron formada oxuyun. Abonentlərə qaz sərfiyyatı, ödəniş və borc haqqında bildirişləri SMS vasitəsilə göndərirlər. Kağız qəbzlər verilmir. Niyə? Sosial şəbəkədəki paylaşımlardan görünür ki, vətəndaşlar “Azəriqaz”ın bu yeniliyindən narazıdırlar.

Vətəndaşlar bildirir ki, yaşlı insanlar SMS-lə göndərilən məlumatlarla tanış ola bilmirlər. Nə qədər sərfiyyat var, nə qədər ödəniş edilməlidir, borc və balansın nə qədər olduğu bilinmir. “Azəriqaz” yaşlı, bəlkə də mobil telefonu olmayan, hətta ola bilsin ki, savadı yetərincə olmayan vətəndaşları niyə SMS “imtahanı”na çəkməlidir? Elektron bildirişləri oxuyacaq və anlayacaq səviyyədə olmayan vətəndaşları da nəzərə almaq lazımdır.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı “Sherg.az”a açıqlamasında bildirdi ki, problemin həlli üçün ya kağız bildirişlərin bərpası, ya da qanunvericiliyin tələb etdiyi bütün məlumatları əhatə edən alternativ və şəffaf elektron bildiriş sisteminin tətbiqi zəruridir:

Bu sahə üzrə ekspertimiz qeyd edir ki, artıq bir neçə aydır “Azəriqaz” İstehsalat Birliyinin Bakı şəhəri və regionlar üzrə qaz istismar idarələri tərəfindən sayğaclar oxunsa da, vətəndaşlara kağız daşıyıcı şəklində bildirişlərin təqdim edilməsi dayandırılıb. Qeyd edim ki, bu yanaşma istehlakçı hüquqlarının açıq şəkildə pozulması olmaqla yanaşı, Nazirlər Kabinetinin 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na da ziddir. Qaydaların “Qazın dəyərinin ödənilməsi şərtləri” bölməsinin 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya təqdim etdiyi qazın dəyərini sayğac göstəricilərinə uyğun olaraq hər ay hesablamalı və növbəti ayın 10-dək bu barədə məlumatı (hesabı) istehlakçıya təqdim etməlidir. Həmçinin, qaydalara əlavə edilmiş 4 nömrəli formaya əsasən, hesab sənədində istehlakçının soyadı, adı, atasının adı, abonent kodu, ünvanı, sayğac nömrəsi, əvvəlki və son göstəriciləri, aylıq qaz sərfi, illik qaz limiti üzrə istifadə olunmuş hissə və digər mühüm məlumatlar əks olunmalıdır. Lakin “Azəriqaz” İB tərəfindən bildirilir ki, kağız bildirişlər ləğv olunub, əvəzində vətəndaşlara SMS vasitəsilə məlumat ötürülür. Məsələnin mahiyyəti isə ondan ibarətdir ki, dünya təcrübəsində SMS mətnləri texniki olaraq məhduddur – təxminən 160 simvoldan ibarət olur. Nəticədə abonentlərə yalnız borc məbləği barədə qısa məlumat çatdırılır, qanunvericilikdə nəzərdə tutulmuş digər vacib göstəricilər – xüsusilə illik qaz limiti və sərfiyyat detalları barədə informasiya isə təqdim olunmur. Bu isə vətəndaşların öz istehlakına nəzarət imkanlarını məhdudlaşdırır, şəffaflığı azaldır və nəticə etibarilə narazılıqlara səbəb olur. Hətta bəzi hallarda abonentlər qaz sayğaclarına əlavə yüklənmələr barədə vaxtında məlumat ala bilmədikləri üçün gözlənilməz borclanma ilə üzləşirlər. Bunları nəzərə aldıqda, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən tətbiq edilən bu praktika istehlakçı hüquqlarına zidd olmaqla yanaşı, qüvvədə olan normativ tələblərin pozulmasıdır.