Sosial şəbəkələrdə çaşdıran xəbər: Metro tunelinin altından yol çəkilmir

Bakıda metronun altından avtomobil tunelinin çəkiləcəyi haqda məlumat paylaşılıb. Niyə, nə üçün? Əslindəsə, məlumatda yanlışlıq var.

İnşaat mühəndisi Azər Axundov “Sherg.az”a açıqlamasında bildirdi ki, yanlış olaraq paylaşılan bu xəbər bir çox insanda "metro tunelinin altından yol tikiləcəyi" təəssüratını yaradıb. Halbuki, heç bir metro tunelinin altından yol salınmayacaq, avtomobil yolu metro xətlərinin altından çəkiləcək. Tunel və xətlər fərqli şeylərdir:  

- Bakı metropoliteninin elektrik depolarına gedən yolları depoya yaxınlaşanda yerin üstünə çıxır və yerüstü metro xətti kimi depoya daxil olur. Sözügedən avtomobil tunelləri də məhz bu yerüstü metro xətlərinin altından keçəcək. Bu avtomobil tunellərindən biri "Bakmil" stansiyası ətrafında tikilən yeni yolun üzərində olacaq və metronun qırmızı xəttinin yerüstü hissəsinin altından keçəcək. Digər avtomobil tuneli isə "Dərnəgül" deposunun ərazisindən, yəni metronun yaşıl xəttinin yerüstü hissəsinin altından keçərək 7-ci mikrorayon ərazisini "Çinarlı Park" yaşayış kompleksi tərəfə bağlayacaq. Hər iki avtomobil tunelinin peyk görüntüləri təqdim olunub. Burada yolun haradan çəkiləcəyi aydın görünür.