Aqrar sektorda yeni mərhələ: Problemlərin proqram əsasında həlli dəstəklənir

Kənd təsərrüfatı sahəsində ciddi struktur islahatlarına ehtiyac var

Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan kənd təsərrüfatının inkişafı ərzaq təhlükəsizliyinin təmin edilməsi, məşğulluğun artırılması və regionların sosial-iqtisadi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu məqsədlə hazırlanmış kənd təsərrüfatı və aqrar məhsulların istehsalının inkişaf etdirilməsinə dair proqram sektorda mövcud problemlərin aradan qaldırılmasını, məhsuldarlığın artırılmasını və müasir idarəetmə mexanizmlərinin tətbiqini hədəfləyir. Bununla belə, proqramda nəzərdə tutulan hədəflərin reallaşdırılması kənd təsərrüfatının uzun illərdir həllini gözləyən struktur problemlərinin aradan qaldırılmasından birbaşa asılıdır.

İqtisadçı Xalid Kərimli Sherg.az-a bildirib ki, kənd təsərrüfatı və aqrar məhsulların istehsalının inkişaf etdirilməsinə dair proqramda kənd təsərrüfatı sahəsində artımın 2 faiz səviyyəsində proqnozlaşdırılması çox ambisiyalı göstərici hesab oluna bilməz:

"Nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə daha yüksək artım tempinə nail olunub, bu proqnoz kifayət qədər ehtiyatlı görünür.

Lakin məsələ ondadır ki, kənd təsərrüfatının qarşılaşdığı əsas problemlər indiyədək tam həll edilməyib. Sahə uzun illərdir ciddi struktur problemlərlə üzləşir. Son onilliklər ərzində bu problemlərin aradan qaldırılması istiqamətində nəticəyönümlü addımların sayı məhdud olub.

Kənd təsərrüfatında suvarma, meliorasiya və irriqasiya ilə bağlı problemlər hələ də qalmaqdadır. Su təminatı sahəsində mövcud çətinliklər isə getdikcə daha da kəskinləşir". 

Ekspert qeyd edib ki, digər mühüm məsələ torpaqlardan səmərəli və məhsuldar istifadənin təmin olunmasıdır:

"Bu gün də kənd təsərrüfatında məhsuldarlığın ildən-ilə əhəmiyyətli dərəcədə artdığını və ya ciddi sıçrayışların baş verdiyini müşahidə etmirik.

Belə problemlər mövcud olduğu və onların həlli uzunmüddətli, ardıcıl addımlar tələb etdiyi halda, daha yüksək artım göstəricilərinin gözlənilməsi real görünmür. Bu baxımdan proqram çərçivəsində torpaqların konsolidasiyası, suvarma sistemlərinin təkmilləşdirilməsi, eləcə də kənd təsərrüfatının idarə edilməsində müasir texnologiyalardan, rəqəmsal idarəetmə üsullarından və süni intellekt imkanlarından istifadə etməklə istehsal həcminin artırılması nəzərdə tutulur. Verilən proqnozlar da mövcud risklər nəzərə alınmaqla hazırlanıb".

İqtisadçı hökumətin bu problemləri etiraf etməsi və onların proqram şəklində həllinə çalışmasının müsbət hal olduğunu vurğulayıb: 

"Lakin qeyd etdiyim kimi, sahədə hələ də ciddi struktur və məhsuldarlıq problemləri qalır. Hətta Qarabağ və Şərqi Zəngəzurun kənd təsərrüfatı potensialının son 5-6 ildə ölkənin iqtisadi dövriyyəsinə yenidən daxil olmasına baxmayaraq, kənd təsərrüfatı sahəsində gözlənilən səviyyədə ciddi irəliləyiş müşahidə olunmur".