Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı

Azərbaycanın Azeri Light markalı neftinin qiymətində artım qeydə alınıb.

Neft bazarındakı mənbələrin məlumatına görə, İtaliyanın Auqusta limanında CIF bazasında Azeri Light markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,32 dollar və ya 0,4% artaraq 86,83 dollara yüksəlib.

Türkiyənin Ceyhan limanında FOB bazasında isə Azərbaycan neftinin qiyməti 0,03 dollar (0,04%) artaraq 83,18 dollar təşkil edib.

Bununla yanaşı, digər neft markalarında qiymət azalması müşahidə olunub. Belə ki, Urals markalı neftin bir barelinin qiyməti 0,49 dollar və ya 0,9% ucuzlaşaraq 51,18 dollara, Dated Brent markalı neft isə 0,34 dollar və ya 0,4% azalaraq 82,22 dollara düşüb.

"Trading Economics"in məlumatına əsasən, Brent neftinin qiyməti bir barel üçün 85 dollar ətrafında dəyişərək son bir ayın ən yüksək səviyyələrindən birində qalır. Qiymət artımına əsas səbəblərdən biri ABŞ və İran arasında artan gərginlik, eləcə də Hörmüz boğazında təhlükəsizliklə bağlı narahatlıqlardır.

Məlumata görə, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi qlobal neft tədarükündə mümkün fasilələrə dair narahatlıqları artıraraq qiymətlərə təsir göstərib. Ukraynanın Rusiyanın enerji infrastrukturuna və neft tankerlərinə qarşı hücumları da bazarda təkliflə bağlı riskləri yüksəldən amillər sırasında göstərilir.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.