Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeyri-həyat sığortası növlərinin hesabına 426,391 milyon manat sığorta haqqı toplanılıb.
"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,9 % çoxdur.
Hesabat dövründə qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 14,6 % artaraq 175,705 milyon manata çatıb.
Beləliklə, 7 ayda qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 41,2 manatı müştərilərə geri ödənilib. Bu rəqəm 1 il bundan əvvəl 37,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 6,409 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 7,3 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 671,436 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 26,9 % çoxdur.
7 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 66,7 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,4 manat olub.