Azərbaycanın dövlət borcu ÜDM-in 18,2 faizinə bərabərdir

Cari il iyulun 1-nə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 23 milyard 830,6 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 18,2 faizini təşkil edib.

Maliyyə Nazirliyi xəbər verir ki, ümumi dövlət borcunun 7 milyard 848,6 milyon manatı (4 milyard 616,8 milyon dollar) və ya 32,9 faizi xarici dövlət borcunun, 15 milyard 982 milyon manatı və ya 67,1 faizi daxili dövlət borcunun payına düşür.

Hesabat tarixinə strategiyada nəzərdə tutulan faiz dərəcəsi riskinin məqbul səviyyədə saxlanılması məqsədilə dəyişkən faizli borcun ümumi borc portfelində payının 50 faizi keçməməsi üzrə yuxarı hədd 2026-cı ilin birinci yarısı ərzində gözlənilib. Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər ümumi borc portfelinin 16,3 faizini təşkil edib.

Strategiyada nəzərdə tutulan ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinin 10 faizindən artıq olmaması üzrə yuxarı hədd 2026-cı ilin birinci yarısı ərzində gözlənilib. Belə ki, dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbəti 5,6 faiz olub.