Balıqçılıq sahəsinə nəzarət gücləndirilib, ixracda artım qeydə alınıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Rusiya, Qazaxıstan və Türkmənistana 6108,7 ton dondurulmuş balıq məhsulu ixrac edilib.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 81,3 faiz artıb.

"Bundan başqa, AQTA ilə Çin Xalq Respublikasının Baş Gömrük Administrasiyası arasında akvakulturada yetişdirilən və vəhşi təbiətdən əldə olunan dəniz məhsullarının Çin bazarına ixracı üçün hüquqi əsas verən sənədlər imzalanıb.

Agentlik tərəfindən 2025-2026-cı illərdə ümumilikdə 20 balıqçılıq müəssisəsində 24 yoxlama aparılıb. Yoxlama zamanı 18 müəssisədə uyğunsuzluq müəyyən edilib ki, bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri tədbirlər görülüb, nöqsanların aradan qaldırılması istiqamətində sahibkarlara icrası məcburi göstərişlər verilib.

AQTA tərəfindən həyata keçirilən risk əsaslı monitorinqlər, laborator nəzarət və biotəhlükəsizlik tədbirləri balıqçılıq sahəsində epizootoloji sabitliyin və təhlükəsiz məhsul istehsalının təmin olunmasına, daxili bazarın təhlükəsiz balıqçılıq məhsulları ilə təmin edilməsinə, həmçinin Azərbaycanın balıqçılıq məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarının qorunmasına və ixrac potensialının artırılmasına xidmət edir", - məlumatda vurğulanıb.

Qeyd edilib ki, AQTA tərəfindən balıqçılıq sahəsində epizootoloji sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin gücləndirilməsi və balıqçılıq məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi istiqamətində mütəmadi monitorinqlər keçirilir.

Monitorinqlər zamanı təsərrüfatların və su hövzələrinin epizootoloji vəziyyəti qiymətləndirilir, xəstəliklərin erkən aşkarlanması və risklərin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Balıqçılıq subyektlərinə baytarlıq və biotəhlükəsizlik tələblərinə əməl olunması, xəstəliklərin profilaktikası və erkən aşkarlanması ilə bağlı metodiki və maarifləndirici dəstək göstərilir. Bu tədbirlər balıqçılıq təsərrüfatlarında epizootoloji sabitliyin qorunması və məhsulların təhlükəsizliyinin təmin olunması ilə yanaşı, ixrac imkanlarının da genişləndirilməsinə şərait yaradır.