Son xəbərlər

Bayramdan asılı deyil, ətin qiyməti yenə qalxacaq - PROQNOZ - VİDEO

  • İqtisadçı Xalid Kərimli bahalaşmanın əsas səbəblərini açıqladı
  • Heyvan sayının azalması, istehsal xərclərinin yüksəlməsi və idxal imkanlarının məhdudlaşması qiymət artımını şərtləndirən əsas amillərdir

Bayram ərəfəsində otel, iaşə, əyləncə və turizm obyektlərinin xidmət qiymətlərində artım gözlənilsə də, ərzaq məhsullarında bayramla əlaqədar kəskin bahalaşma proqnozlaşdırılmır.

İqtisadçı Xalid Kərimli Sherg.az-a açıqlamasında bildirib ki, ərzaq qiymətləri bayramdan asılı olmayaraq artmaqda davam edir. Onun sözlərinə görə, xüsusilə ət bazarında qiymət artımı artıq davamlı xarakter alıb və yaxın dövrdə də bu tendensiyanın dəyişəcəyi gözlənilmir.

İqtisadçı qeyd edib ki, ətin bahalaşmasının əsas səbəbləri heyvan sayının azalması, tələbatın yüksəlməsi və heyvandarlıq təsərrüfatlarının saxlanma xərclərinin artmasıdır:

“Ətin qiymətində bu il də artım olub, gələn il də olacaq, sonrakı illərdə də. Amma bunun bayramla əlaqəsi yoxdur. Bayramla əlaqədar kəskin ərzaq istehlakı gözlənilmir. Ümumiyyətlə, ərzaq qiymətləri bayramlı-bayramsız bahalaşır və bu proses davam edəcək”.

X.Kərimlinin sözlərinə görə, son 10 ilin göstəriciləri heyvandarlıq sahəsində ciddi azalma olduğunu göstərir. Belə ki, saxlanılan xırdabuynuzlu heyvanların sayı 20 faiz, iribuynuzlu heyvanların sayı isə 5-6 faiz azalıb. Eyni zamanda, ətə olan tələbat 25 faizə qədər yüksəlib.

İqtisadçı hesab edir ki, heyvandarlığın zəifləməsi və tələbatın artması bazarda qiymətlərin yüksəlməsinə səbəb olur. Onun sözlərinə görə, heyvan saxlamaq və yetişdirmək getdikcə daha baha başa gəlir, ev təsərrüfatlarının bu sahədəki rolu isə azalıb.

X.Kərimli əlavə edib ki, əvvəllər ucuz idxal yerli bazarda qiymət artımının qarşısını müəyyən qədər alırdı. Lakin bu imkanlar da məhdudlaşıb:

“Ukraynadan gələn ucuz ətlər vardı. Amma Ukrayna-Rusiya müharibəsi buna mənfi təsirini göstərdi, logistika xərcləri artdı, ucuz idxal çətinləşdi. Heyvandarlığın zəifləməsi, tələbatın isə yüksəlməsi ətin qiymətini artırır. Yaxın zamanda da qiymətlər artacaq”.

Beləliklə, iqtisadçının fikrincə, ət bazarında bahalaşma müvəqqəti və bayramqabağı tendensiya deyil. Heyvan sayının azalması, istehsal xərclərinin yüksəlməsi və idxal imkanlarının məhdudlaşması qiymət artımını şərtləndirən əsas amillərdir.