- Ermənistanın itkin düşmüş azərbaycanlılarla bağlı məsələdə şəffaf davranması və real əməkdaşlıq nümayiş etdirməsi zəruridir
30 ildən artıqdır ki, 4000-dən çox azərbaycanlının itkin düşmüş şəxs kimi qeydiyyatda qalması Azərbaycan-Ermənistan münasibətlərinin ən ciddi humanitar problemlərindən biridir.
Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a açıqlamasında bildirib ki, itkin düşmüş şəxslərin taleyi barədə məlumatların açıqlanmaması, ailələrinin cavab gözləməsi və axtarış prosesinin tam nəticələnməməsi regionda qarşılıqlı etimadın formalaşmasına mane olur.

“1949-cu il Cenevrə konvensiyaları və 1977-ci il I Əlavə Protokol itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, ailələrin məlumatlandırılması və həlak olmuş şəxslərin qalıqlarının axtarılması ilə bağlı öhdəliklər müəyyən edir. BQXK-nın beynəlxalq humanitar hüququn adət normalarına dair 117-ci Qaydası da münaqişə tərəflərinin itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün mümkün olan bütün tədbirləri görməsini tələb edir.
Bu baxımdan Ermənistanın mövcud məlumatları açıqlamaması və axtarışlara real töhfə verməməsi ciddi humanitar və hüquqi suallar yaradır. 2025-ci il avqustun 8-də Vaşinqtonda paraflanmış sülh sazişinin IX maddəsində itkin düşmüş şəxslərlə bağlı məlumat mübadiləsi və əməkdaşlıq məsələsinin nəzərdə tutulması xüsusi əhəmiyyət daşıyır. Bu müddəa tərəflərə problemin həlli istiqamətində hüquqi-siyasi imkanlar yaradır. Lakin Ermənistanın bu öhdəliyi yalnız bəyanatlarla məhdudlaşdırması deyil, arxiv sənədlərini, hərbi məlumatları, ehtimal olunan məzarlıqların koordinatlarını təqdim etməsi və praktiki əməkdaşlıq mexanizmlərini işə salması vacibdir”.
Analitik qeyd edib ki, məlumatların gizlədilməsi axtarış prosesini çətinləşdirir:
“İtkin düşmüş azərbaycanlıların dəfn yerlərinin müəyyənləşdirilməsi üçün Ermənistanın sərəncamında ola biləcək hərbi arxivlər, şahid ifadələri, əməliyyat sənədləri və digər məlumatlar mühüm əhəmiyyət daşıyır. Bu məlumatların təqdim edilməməsi kütləvi məzarlıqların müəyyənləşdirilməsini və qalıqların identifikasiyasını çətinləşdirir. Eyni zamanda, mina sahələrinə dair dəqiq məlumatların verilməməsi axtarış qruplarının təhlükəsizliyinə və mülki əhalinin həyatına əlavə risk yaradır.
Ermənistanın İrəvanda beynəlxalq konfrans keçirərək itkin düşmüş şəxslərlə bağlı əməkdaşlıqdan danışması müsbət siyasi mesaj kimi qiymətləndirilə bilər. Lakin bu yanaşma real addımlarla təsdiqlənmədiyi təqdirdə formal xarakter daşıyacaq. Əgər Ermənistan həqiqətən humanitar əməkdaşlığa hazırdırsa, mövcud məlumatları təqdim etməli, Azərbaycanla ikitərəfli təmasları bərpa etməli və itkin düşmüş şəxslərlə bağlı beynəlxalq təşkilatların iştirakı ilə konkret axtarış mexanizmlərinin yaradılmasına dəstək verməlidir.
İtkin düşmüş şəxslərin ailələrinin yaxınlarının taleyini bilmək hüququ fundamental humanitar və insan hüquqları məsələsidir. Onilliklərdir davam edən qeyri-müəyyənlik ailələrin mənəvi iztirablarını daha da ağırlaşdırır. Buna görə də problemin siyasi müzakirələrdən kənarda, insan hüquqları və humanitar məsuliyyət prinsipləri əsasında həlli vacibdir”.
Şərhçi əlavə edib ki, sülh həqiqətin üzə çıxarılmasından keçir:
“Bütün bunlar göstərir ki, Ermənistanın itkin düşmüş azərbaycanlılarla bağlı məsələdə şəffaf davranması və real əməkdaşlıq nümayiş etdirməsi zəruridir. Mövcud məlumatların təqdim edilməsi, məzarlıqların koordinatlarının açıqlanması, mina xəritələrinin dəqiqləşdirilməsi və axtarış prosesinə dəstək verilməsi beynəlxalq hüquq və humanitar prinsiplər baxımından mühüm əhəmiyyət daşıyır. Çünki davamlı sülh yalnız siyasi razılaşmalarla deyil, keçmişin humanitar nəticələrinin aradan qaldırılması, həqiqətin üzə çıxarılması və ədalətin təmin olunması ilə mümkündür”.