Hesabat dövründə aksiz vergisinə cəlb olunan mallar arasında spirtli içkilərin həcmi 4 milyon 440 min 750,03 litr, energetik içkilərin həcmi isə 3 milyon 499 min 860,72 litr təşkil edib.
APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşı Orxan Sultanov məlumat verib.
Təqdim olunan statistikaya əsasən, hesabat dövründə 24 min 783 minik avtomobili rəsmiləşdirilib. Onlardan 14 min 960-ı benzin mühərrikli, 6 min 815-i hibrid, 2 min 526-sı dizel, 482-si isə tam elektrik mühərrikli avtomobillər olub. Bildirilib ki, ekoloji cəhətdən daha təmiz hesab edilən hibrid və elektrik mühərrikli nəqliyyat vasitələrinin sayında artım müşahidə olunur.
Bununla yanaşı, ölkəyə 2 min 641 yük avtomobili, 1 min 960 digər təyinatlı nəqliyyat vasitəsi, 723 yəhərli dartıcı və 590 qoşqu idxal edilərək aksiz vergisinə cəlb olunub.
Orxan Sultanov qeyd edib ki, cari ilin yanvar-may aylarında Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə vətəndaşlar və sahibkarlıq subyektləri tərəfindən ümumilikdə 576 müraciət daxil olub. Müraciətlərin ən çoxu yanvar ayında qeydə alınıb. Belə ki, yanvarda 198, fevralda 129, martda 78, apreldə 94, mayda isə 77 müraciət daxil olub.