İqtisadçı: Quru sərhədlərin bağlı olması iqtisadi duruma mənfi təsir göstərir

Natiq Cəfərli: Tbilisiyə dəmir yolunun açılması da vəziyyəti düzəltməyəcək

Azərbaycana gələn turist sayında azalma müşahidə olunur. İqtisadçı Natiq Cəfərli hesab edir ki, əsas səbəb quru sərhədlərin qapalı olmasıdır: 

- 2026-cı ilin birinci kvartalında (yanvar-mart) Azərbaycana gələn turist sayı, 2025-ci ilin eyni dövrü ilə müqaisədə 5%-ə yaxın azalıb, cəmi 484 min turist səfər edib. Gürcüstana eyni dövrdə 998, yəni, təxminən, 1 milyon turist səfər edib – bu keçən ilin eyni dövrü ilə müqaisədə 4% daha çoxdur. Eyni dövrdə Ermənistana 454 min turist gəlib, bu keşən ilin 1-ci kvartalı ilə müqaisədə 18,2% çoxdur və ümumiyyətlə, 1991-ci ildən üzü bəri Ermənistanda 1-ci rübdə heç vaxt bu qədər turist olmayıb, bu rekord göstəricidir. 

İqtisadçı “Sherg.az” a bildirib ki, quru sərhədlərin mənasızcasına bağlı olması ölkəmizin iqtisadi durumuna, turizm sahəsinə ciddi mənfi təsir göstərir. Tbilisiyə dəmir yolunun açılması da vəziyyəti düzəltməyəcək: 

- Bakl-Tiflis qatarının fəaliyyətə başlaması vəziyyəti düzəltmir, çünki, gündə cəmi 1 səfər edən qatar turizmə, iqtisadiyyata heç cür əsaslı təsir edə bilməz. Bu inadı bitirmək, bu daşı ətəkdən tökmək, sərhədləri açmaq lazımdır. Bu, ölkə iqtisadiyyatına müsbət təsir etməklə yanaşı, Azərbaycanın investisiya imicinə də yaxşı impuls verə bilər.