Son günlər dünya enerji bazarlarında ciddi dalğalanmalar müşahidə olunur. Yaxın Şərqdə baş verən hərbi və siyasi gərginlik qlobal neft qiymətlərini kəskin şəkildə artırıb. Analitiklər bildirirlər ki, bu artım əsasən İran ətrafında yaranan münaqişə və enerji infrastrukturuna hücumlar səbəbindən regiondan neft tədarükünün pozulması ilə bağlı risklərin artması ilə əlaqədardır.
İqtisadçı Xalid Kərimli "Sherg az"a bildirib ki, qiymətlərin bu qədər artmasının əsas səbəblərindən biri regiondakı geosiyasi gərginlik və xüsusilə Hörmüz boğazı ətrafında yaranan risklərdir:

"Bu boğaz dünya neft ticarətinin ən vacib marşrutlarından biridir. Burada təhlükə yarana və ya gəmi hərəkəti məhdudlaşarsa, dünya bazarında qiymətlər arta bilər. Neft və qaz qiymətlərinin yüksəlməsinin Azərbaycana təsiri iki istiqamətdədir. Birinci tərəfi müsbətdir. Qiymətlər yüksəldikcə ölkənin ixrac gəlirləri artır. Hesablamalara görə, neftin orta illik qiymətinin hər 10 dollar artması Azərbaycanın tədiyyə balansına təxminən 2,2 milyard manat əlavə gəlir gətirir. Bunun təxminən 1,8 milyard manatı Azərbaycan Respublikası Dövlət Neft Fonduna, təxminən 400 milyon manatı isə dövlət büdcəsinə daxil olur. İkinci tərəfi isə mənfidir. Neft və enerji qiymətlərinin yüksəlməsi qlobal inflyasiyanı artırır. Bu isə Azərbaycanın idxal etdiyi məhsulların bahalaşmasına gətirib çıxara bilər. Nəticədə ölkə daxilində qiymətlər arta və əhalinin alıcılıq qabiliyyəti zəifləyə bilər. Azərbaycanın bu prosesə birbaşa təsir imkanları isə məhduddur. Çünki ölkənin elə böyük strateji ehtiyatları yoxdur ki, bazara əlavə neft çıxararaq dünya qiymətlərini sabitləşdirə bilsin. Buna görə də əsas diqqət inflyasiyanın əhaliyə mənfi təsirlərini azaltmağa yönəlməlidir. Dövlət sosial tədbirlərlə və iqtisadi siyasətlə qiymət artımının əhali üzərindəki təsirini yumşaltmağa çalışmalıdır".