"Avropa İttifaqının Global Gateway strategiyası Orta Dəhlizə yönəlmiş investisiyaları genişləndirməyə davam edir. Özbəkistanda A-380 magistral yolunun Nukus ətrafındakı 41 kilometrlik hissəsinin yenidən qurulması və genişləndirilməsi üzrə yeni layihə bunun növbəti nümunəsidir".
Sherg.az xəbər verir ki, bu sözləri nəqliyyat və logistika məsələləri üzrə mütəxəssis Rauf Ağamirzəyev deyib.
Mütəxəssis bildirib ki, layihə Avropa İttifaqının Global Gateway təşəbbüsü çərçivəsində həyata keçirilir və Avropa İnvestisiya Bankı (EIB) ilə İslam İnkişaf Bankının (IsDB) tələblərinə uyğun hazırlanır: "İlk baxışda bu, sadəcə yol layihəsi təsiri bağışlasa da, əslində söhbət Orta Dəhlizin Mərkəzi Asiya seqmentinin sistemli şəkildə gücləndirilməsindən gedir. A-380 magistralı Qaraqalpaqstan vasitəsilə Qazaxıstanla əlaqəni təmin edən və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinə çıxış verən əsas avtomobil arteriyalarından biridir. Yolun beynəlxalq standartlara uyğun yenilənməsi yükdaşımaların sürətini, təhlükəsizliyini və etibarlılığını artıracaq.
Maraqlıdır ki, bu marşrutun digər hissəsində tikinti işləri artıq Azərbaycan şirkətinin iştirakı ilə həyata keçirilib. "North West Construction" və Türkiyənin "Polatyol Yapı" şirkəti 2021-ci ildə başlanılan CAREC Dəhliz 2 layihəsi çərçivəsində A-380 magistralının Kunqrad–Daut-Ata istiqamətində yerləşən ilk üç lotunu (ümumilikdə 120 km) inşa edib. Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilib və tikinti işləri 2024-cü ildə tamamlanıb. Digər üç lot isə Çin şirkətlərindən ibarət konsorsium tərəfindən icra edilib.
Bu fakt göstərir ki, Azərbaycan artıq Orta Dəhlizin inkişafında yalnız tranzit ölkə deyil, həm də xarici bazarlarda nəqliyyat infrastrukturu quran podratçı ölkə kimi çıxış edir. Bu, Azərbaycanın tikinti şirkətlərinin beynəlxalq layihələrdə artan rəqabət qabiliyyətinin də göstəricisidir".
R. Ağamirzəyev qeyd edib ki, Azərbaycan üçün bu investisiyalar xüsusi əhəmiyyət daşıyır:
"Orta Dəhlizin hər bir həlqəsinin inkişafı Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Azərbaycan Dəmir Yolları və Trans-Xəzər marşrutu üzrə yük axınlarının artmasına birbaşa təsir edir. Dəhlizin rəqabət qabiliyyəti yalnız liman və dəmir yolu layihələri ilə deyil, onları tamamlayan avtomobil yollarının modernləşdirilməsi ilə də formalaşır. Avropa İttifaqının yeni layihəsi və Azərbaycanın artıq tamamladığı yol tikintisi eyni strateji məqsədə xidmət edir – Orta Dəhlizin Mərkəzi Asiya hissəsini daha sürətli, təhlükəsiz və rəqabətqabiliyyətli beynəlxalq nəqliyyat marşrutuna çevirmək. Bu, həm də Azərbaycanın regional logistika və infrastruktur sahəsində rolunun təkcə öz sərhədləri daxilində deyil, bütün Orta Dəhliz boyunca getdikcə gücləndiyini göstərir".