Putin qanunu imzaladı: Xarici ticarətdə yeni mərhələ

Rusiya Prezidenti Vladimir Putin xarici ticarət müqavilələrində kriptovalyutalardan istifadəni mümkün edən qanunu imzalayıb.

Sherg.az xəbər verir ki, yeni qanuna əsasən, Rusiyada qeydiyyatda olan şirkətlər xarici tərəfdaşlarla idxal və ixrac əməliyyatlarında ödənişləri kriptovalyuta vasitəsilə həyata keçirə biləcəklər. Bu addım Qərbin sanksiyalarına qarşı alternativ ödəniş mexanizmlərinin genişləndirilməsi məqsədi daşıyır.

Qanun həmçinin kriptovalyuta mədənçiliyi nəticəsində əldə olunan rəqəmsal aktivlərdən istifadəni də tənzimləyir. İnvestorlar bu aktivlərdən qiymətli kağızların və digər rəqəmsal hüquqların alınmasında yararlana biləcəklər.

Bununla yanaşı, Rusiya daxilində mal və xidmətlərin ödənişində kriptovalyutadan istifadə qadağan olaraq qalır. Həmçinin bu üsulla ödəniş qəbul edilməsi ilə bağlı reklamların yayımlanmasına da icazə verilmir.

Yeni qaydalara əsasən, adi investorlar yalnız müvafiq testdən keçdikdən sonra vasitəçi qurumlar üzərindən ildə 300 min rubla qədər kriptovalyuta ala biləcəklər. Peşəkar investorlar üçün isə məbləğ məhdudiyyəti nəzərdə tutulmur.

Qanun banklara və xarici bank filiallarına əməliyyatın icazəsiz kriptovalyuta platforması vasitəsilə aparıldığından şübhələndikdə pul köçürməsini dayandırmaq səlahiyyəti də verir.