Beynəlxalq əmtəə bazarlarında qiymətli metalların dəyərində eniş qeydə alınıb. Qızılın qiyməti son günlərdə ilk dəfə olaraq bir unsiya üçün 4 200 dollar həddinin altına düşüb.
Milli.Az xəbər verir ki, "Comex" birjasının məlumatına əsasən, avqust tədarüklü qızıl füçersləri Bakı vaxtı ilə saat 06:06-da 1,12% ucuzlaşaraq 4 198,2 dollar səviyyəsinə enib. Bir neçə dəqiqə sonra isə qiymət 4 199,3 dollar olub və azalma 1,1% təşkil edib.
Gümüş bazarında da mənfi dinamika müşahidə olunub. İyul tədarüklü gümüş füçerslərinin qiyməti 2,25% azalaraq bir unsiya üçün 64,825 dollara geriləyib.
Nyu-York Əmtəə Birjasında (NYMEX) ticarət olunan digər qiymətli metallar da dəyər itirib. Belə ki, sentyabr tədarüklü palladiumun qiyməti 1,09% enərək 1 275 dollara düşüb.
Platin bazarında isə daha kəskin ucuzlaşma qeydə alınıb. İyul tədarüklü platin füçersləri 2,41% dəyər itirərək bir unsiya üçün 1 666,1 dollar səviyyəsində qərarlaşıb.
Beləliklə, qlobal bazarlarda qızıl, gümüş, platin və palladium üzrə satış təzyiqi artıb və qiymətlərdə geriləmə müşahidə olunur.