- “Qlobal inflyasiyanın sürətlənməsi qaçılmaz ola bilər”
ABŞ Administrasiyası İrana qarşı misligörünməmiş iqtisadi müharibə və təcrid prosesinə başlayır.
Bu barədə ABŞ Prezidenti Donald Tramp özünün "Truth Social" platformasında bəyan edib: "İrana razılaşma əldə etmək üçün mənim qədər imkan yaradan ikinci bir şəxs olmayıb. Lakin təəssüf ki, onlar bu şansdan yararlana bilmədilər. Bu səbəbdən, bu gün mən hər hansı bir dövlətə qarşı indiyədək həyata keçirilmiş ən sarsıdıcı iqtisadi əməliyyatı elan edirəm! Bu, misilsiz miqyasda iqtisadi müharibə və təcrid olacaq".
Tramp, həmçinin vurğulayıb ki, İrana dəstək verən dövlətlər də Birləşmiş Ştatlar tərəfindən ciddi iqtisadi fəsadlarla üzləşəcəklər: "Onu da bəyan edirəm ki, öz maliyyə qurumlarına, müəssisələrinə, hava limanlarına və ya dövlət strukturlarına İrana hər hansı formada dəstək olmağa icazə verən hər bir ölkənin özü də nəhəng iqtisadi nəticələrlə qarşılaşacaq".
İqtisadçı Eldəniz Əmirov Sherg.az-a bildirib ki, Tramp İrana qarşı elan etdiyi “misli görünməmiş miqyasda iqtisadi müharibə”nin konkret detallarını açıqlamasa da, böyük ehtimalla bu siyasətin təsir dairəsi yalnız İranla məhdudlaşmayacaq. Onun sözlərinə görə, iqtisadi təzyiqlər İranla iqtisadi əlaqələri davam etdirən ölkələrə, banklara və şirkətlərə də yönəldiləcək.
Konkret ehtimallara gəldikdə isə iqtisadçı ilk və əsas hədəfin İranın neft gəlirləri olacağını vurğulayıb. Onun sözlərinə görə, bu siyasətin digər mühüm hədəfi isə İran neftinin əsas alıcısı olan Çin olacaq:
“2025-ci ildə İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80%-dən çoxunu Çin alıb. Deməli, İranın neft gəlirlərini ciddi şəildə azaltmaq üçün ABŞ faktiki olaraq İran neftinin Çin bazarına çıxışını məhdudlaşdırmalıdır.
İkinci istiqamət İranla işləyən xarici banklara, neft şirkətlərinə, gəmiçilik şirkətlərinə və digər vasitəçilərə qarşı sanksiyaların genişləndirilməsidir. İranın bank hesablarının, valyuta əməliyyatlarının və beynəlxalq ödəniş kanallarının daha ciddi məhdudlaşdırılması da gözlənilir.
ABŞ 2026-cı ilin əvvəlindən etibarən İranla əlaqəli 1000-dən çox şəxs, gəmi və hava nəqliyyat vasitəsinə qarşı sanksiyalar tətbiq edib. Vaşinqtonun bu istiqamətdə həyata keçirdiyi ardıcıl təzyiq siyasətinin artıq müəyyən nəticələr verməyə başladığı da müşahidə olunur.
Müharibədən əvvəl İran neftinin orta yüklənməsi gündə təxminən 1,8 mln. barel olduğu halda, son bir ayda bu göstərici 500 min bareldən aşağı düşüb.
İran iqtisadiyyatının vəziyyəti isə onsuz da ağırdır. İyulda illik inflyasiya 66%-ə, ərzaq qiymətlərində illik artım isə 128%-ə çatıb. Buna görə yeni məhdudiyyətlər ölkənin valyuta gəlirlərinə, büdcəsinə və daxili qiymətlərə əlavə təzyiq yarada bilər”.
İqtisadçı hesab edir ki, məsələnin digər tərəfi də var:
“İran neftinin dünya bazarından daha böyük həcmdə çıxarılması və Hörmüz boğazı ətrafında risklərin artması neft qiymətlərinin 100 dolların üzərinə yüksəlməsinə səbəb ola bilər. Üstəlik, bu artım daha uzun müddət davam edə bilər. Trampın anons etdiyi kimi hərəkət edəcəyi təqdirdə isə neft qiymətlərinin kəskin bahalaşması ehtimalı kifayət qədər yüksəkdir. Beləliklə, Trampın yeni iqtisadi strategiyası yalnız İranı seçim qarşısında qoymur. İranla işləyən ölkələr və şirkətlər də ABŞ bazarı və maliyyə sistemi ilə İran arasında seçim etmək məcburiyyətində qala bilərlər.
Əlqərəz, by iqtisadi müharibənin hədəfi İran olsa da, onun iqtisadi təsirləri İranın sərhədlərindən xeyli kənara çıxa bilər və qlobal inflyasiyanın sürətlənməsi və dünya iqtisadiyyatının digər sahələrində əlavə təzyiqlərin yaranması da qaçılmaz ola bilər”.