Eşitmə məhdudiyyətli insanlar gündəlik həyatda özlərini ifadə etmək və eşitmə məhdudiyyəti olmayan şəxslərlə ünsiyyət qurmaqda çətinlik çəkə bilirlər. 23 Sentyabr Beynəlxalq İşarə Dilləri Günü münasibətilə gündəlik ünsiyyətdə istifadə edə biləcəyiniz bəzi əsas işarələri təqdim edirik.
Sherg.az xəbər verir ki, işarə dilində bir sıra sadə ifadələri öyrənməklə eşitmə məhdudiyyətli insanlarla ünsiyyət qurmaq asanlaşır.
Salam
Sağ əlin barmaqları düz vəziyyətdə saxlanılaraq başa toxundurulur. Bu işarə “salam” mənasını verir və söhbətə başlamaq üçün istifadə olunur.
Sabahınız xeyir

Hər iki əl yumruq şəklində sinə səviyyəsində saxlanılır. Sağ əl sol əlin üzərində tutulur. Daha sonra ovuclar yuxarı baxacaq şəkildə önə doğru açılır.
Necəsən?

Sağ əl sinə səviyyəsində saxlanılır. Barmaqların ucları yuxarı baxacaq şəkildə birləşdirilir və əl aşağı-yuxarı hərəkət etdirilir. Bu işarə “yaxşıyam”, “yaxşı”, “gözəl” və “bəyəndim” mənalarında da işlənir.
Ad

Hər iki əl sinə səviyyəsində saxlanılır. Sağ əlin şəhadət barmağı açıq, digər barmaqlar isə bükülü olur. Şəhadət barmağı qarmaq formasında saxlanılaraq sol əlin iç tərəfinə toxundurulur. Bu işarə qarşı tərəfdən adını soruşmaq üçün istifadə edilir.
Sevmək - sevgi

Sağ əl çiyin səviyyəsində düz vəziyyətdə saxlanılır. Ovuc üzə tərəf tutulur və sağ əl çarpaz şəkildə qarın istiqamətinə çəkilir. Bu işarə “sevirəm” və “sevgi” mənasını ifadə edir.
Darıxmaq

Sağ əl sinə səviyyəsində yumruq formasında saxlanılır. Bu işarə “darıxdım” və “bezdim” mənalarında işlənir.
Gəlmək

Sağ əl sinə səviyyəsində saxlanılır. Barmaqlar açıq vəziyyətdə özünüzə doğru açılıb-bağlanır. Bu işarə “gəldim”, “çatdım” və “vardım” mənalarını da ifadə edir.
Məmnun oldum

Hər iki əl qarın səviyyəsində saxlanılır və orta barmaqlar qarına toxundurulur. Bu işarə “məmnun oldum” mənasını verir.
Ola bilər

Sağ əl sinə səviyyəsində, ovuc yerə baxacaq şəkildə saxlanılır və biləkdən hərəkət etdirilir. Bu işarə baş verməsi mümkün olan hadisə və vəziyyətləri ifadə edir.
Sağ olun

Sağ əl çiyin səviyyəsində, ovuc qarşı tərəfə baxacaq şəkildə tutulur və sağa-sola hərəkət etdirilir. Bu işarə “sağ olun” və “salamat qalın” mənasını verir.
İnşallah

Sağ əlin şəhadət barmağı açıq, digər barmaqları bükülü vəziyyətdə alnın sol tərəfindən sağ tərəfinə doğru hərəkət etdirilir. Bu işarə “Allah nəsib etsə” və “Allah diləsə” mənalarını daşıyır.
Gülmək

Sağ əlin şəhadət və orta barmaqları açıq, digər barmaqları isə bükülü saxlanılır. Ovuc yerə baxacaq şəkildə sol yanağa toxundurulur və açıq barmaqlar hərəkət etdirilir. Bu işarə “gülməli”, “əyləncəli” və “güldüm” mənalarında istifadə olunur.
Nuş olsun

Sağ əl düz vəziyyətdə qarın səviyyəsində dairəvi hərəkət etdirilir. Daha sonra sağ əl ovuc yuxarı baxacaq şəkildə önə doğru aparılır.
Təşəkkür edirəm

Şəhadət və baş barmaq bir-birinə toxundurulur, digər barmaqlar açıq saxlanılır. Əl bağlı vəziyyətdə boğaza toxundurulur və daha sonra barmaqlar önə doğru açılır. Bu işarə “təşəkkür edirəm” və “buyurun” mənalarını da ifadə edir.
Sağ ol

Sağ əl açıq vəziyyətdə sinəyə toxundurulur və hərəkət başla müşayiət olunur.
Sakın

Sağ əlin şəhadət barmağı yuxarı baxacaq şəkildə açıq, digər barmaqlar isə bükülü saxlanılır. Əl iki dəfə sağa-sola hərəkət etdirilir. Bu işarə “heç vaxt”, “xeyr” və “olmaz” mənalarında da işlənir.
Bəli

Hər iki əl sinə səviyyəsində, ovuclar yuxarı baxacaq şəkildə açıq saxlanılır. Əllər yüngülcə aşağı doğru hərəkət etdirilir. İşarə baş hərəkəti ilə təsdiqlənir. Bu işarə “elədir”, “olar” və “tamam” mənalarını da verir.
Keçmiş olsun

Hər iki əl yumruq formasında sinə səviyyəsində saxlanılır. Əllər önə doğru hərəkət etdirildikdə ovuclar yuxarı baxacaq şəkildə açılır.
İstəmək

Sağ əl açıq vəziyyətdə sinə səviyyəsində saxlanılır və əlin xarici hissəsi qarşı tərəfə baxacaq şəkildə fasiləli hərəkət etdirilir. Bu işarə “arzulamaq” mənasında da işlənir.
İstəməmək

Sağ əl açıq vəziyyətdə sinə səviyyəsində saxlanılır. Kiçik barmaq yuxarı istiqamətdə hərəkət etdirilərək qarına toxundurulur.