Yaponiyada 7 alma 626 dollara satıldı

Yaponiyanın Hokkaydo prefekturasında yetişdirilən xüsusi sortdan olan 7 alma ilin ilk hərracında 100 min yenə (təxminən 626 dollar) alıcı tapıb.

Sherg.az xəbər verir ki, Nanae qəsəbəsində yetişdirilən və “Nanamitsuki” markası ilə satışa çıxarılan almalar Hakodate şəhərində keçirilən hərracda təklifə qoyulub.

Ən yüksək qiymət təklifi alan 7 almanın satış qiyməti ötən ilin rekordunu təkrarlayıb.

Məhsulun sahibi olan topdansatış şirkətinin nümayəndəsi Yuji Sotozaki almaların dadını bala bənzədərək çox ləzzətli olduğunu bildirib və alıcılara bu meyvələri dadmağı tövsiyə edib.

Shinhakodate Kənd Təsərrüfatı Kooperativinin açıqlamasında isə builki almaların əvvəlki illə müqayisədə daha iri və keyfiyyətli olduğu qeyd edilib. Bildirilib ki, ötən il tayfunlar məhsulun böyük hissəsinə zərər vurmuşdu.

Yaponiyada xüsusi üsulla yetişdirilən yüksək keyfiyyətli meyvələr ilin müxtəlif vaxtlarında hərraca çıxarılır. Alıcılar yüksək qiymət təkliflərindən reklam və tanıtım məqsədilə də istifadə edirlər.