Bakıda AQEM Media Forumu keçirildi - YENİLƏNDİ

Bu gün Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda AQEM Media Forumu keçirilib.

Forum Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak ediblər. Tədbirdə rəsmi açılış hissəsi və iki panel müzakirəsi keçirilib.

Forumda çıxış edənlər müasir dünyada media vasitəsilə etimadın yaradılması, insanlar və dövlətlər arasında əməkdaşlığın gücləndirilməsi, keyfiyyətli və etibarlı kontentin əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

AQEM-in Baş katibi Kayrat Sarıbay çıxışında təşkilatın artıq mühüm dövlətlərarası və hökumətlərarası dialoq platformasına çevrildiyini bildirib.

Forum çərçivəsində media sahəsində əməkdaşlığın genişləndirilməsi, etimadın gücləndirilməsi və qütbləşmiş dünyada medianın rolu ilə bağlı fikir mübadiləsi aparılıb.

***

10:03

Bakıda “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Media Forumu keçirilir.

Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Media və Yayım Şurasının təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, AQEM-in Baş katibi Kayrat Sarıbay, Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, AQEM Asiyada sülh, təhlükəsizlik və sabitliyin təşviqinə, üzv dövlətlər arasında etimadın və əməkdaşlığın gücləndirilməsinə xidmət edən çoxtərəfli platformadır.