“Birinci olmaq” sindromu: Peşəkarlıq jurnalistikada ikinci plana keçib

Ekspertlər həyəcan təbili çaldı, reytinq uğrunda uşaq hüquqları pozulur

"İdrak" liseyində baş verən hadisədən sonra jurnalistlərin liseydə oxuyan şagirdlərdən müsahibə almaları və üzlərini açıq şəkildə təqdim etmələrini media ekspertləri kəskin şəkildə qınayıblar. Onlar öz sosial şəbəkə hesablarında da hadisəyə münasibətərini bildiriblər.

Mətbuat Şurasının yaydığı açıqlamada da qeyd olunur ki, “İdrak” liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir.

Mətbuat Şurasının Etika Komissiyasının sədri, BDU-nun professoru Qulu Məhərrəmli Sherg.az-a açıqlamasında uşaqlardan müsahibə almağın yolverilməz olduğunu söyləyib:

"Baş verən hadisənin özü cəmiyyət üçün çox sarsıdıcı və arzuolunmazdır. Digər tərəfdən, jurnalistlər bu cür hadisələri operativ və ətraflı şəkildə işıqlandırmağa çalışırlar. Lakin təəssüf ki, bu prosesdə bəzən tələskənliyə yol verilir və “birinci olmaq” istəyi peşəkarlıqdan üstün tutulur.

Uşaqlarla bağlı məsələlər isə xüsusilə həssasdır. Uşaq Hüquqları Konvensiyası mövcuddur. Bu, dəfələrlə toxunduğumuz bir mövzudur. Belə hadisələrdə azyaşlı uşaqların şahid, çıxışçı və ya rəy bildirən şəxs kimi təqdim olunması, onlardan müsahibə alınması yolverilməzdir. Çünki uşaqlar, ilk növbədə, hadisənin mahiyyətini tam dərk etmirlər. İkincisi isə onların söylədiklərinin nə dərəcədə obyektiv və real olduğu, yoxsa fantaziyanın məhsulu olub-olmadığı dəqiq müəyyən edilə bilmir.

Təəssüflənirəm. Çox istərdim ki, jurnalistlərimiz ekstremal şəraitdə işləməyi daha yaxşı, daha peşəkar şəkildə öyrənsinlər və bu cür səhvlərə yol verməsinlər. Bununla bağlı Mətbuat Şurasının da bəyanatı var və həmin sənəddə bu məsələ obyektiv şəkildə ifadə olunub".

Ekspert peşəkar təhsilin olub-olmamasının həlledici olmadığını deyib:

"Burada peşəkar təhsilin olub-olmaması həlledici şərt deyil. Çünki redaksiyada çalışan əməkdaş zamanla təcrübə toplayır və bu tip hadisələrin necə işıqlandırılmalı olduğunu öyrənir. Eyni zamanda, jurnalistika ixtisası almış bir əməkdaş da bu cür səhvlərə yol verə bilər. Heç kim bu riskdən tam sığortalanmayıb".

BDU-nun Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, media eksperti Aynur Nəsirova bildirib ki, jurnalistləri ancaq reytinq və İP-i maraqlandırır: 

"Reytinq və İP-dən başqa jurnalistləri heç nə maraqlandırmır. Nəticədə etik kodekslər pozulur. Burada bir faktor da var ki, onlar etik kodeksləri bilmirlər. Nəzəri biliklərə sahib olmadıqları üçün bu cür səhvlərə yol verirlər. Media sahəsində çalışanların bəziləri jurnalist təhsili almayıb. Bu problem isə özünü daha çox bu tip materialların hazırlanmasında göstərir".