“İmamoğlunun yanlış yönləndirmələri Özəli çıxılmaz vəziyyətə salıb”
“Kılıçdaroğlu ilə Özəl arasında uzlaşma qaçılmaz görünür”
Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası(CHP)daxilində qurultayla bağlı yaşanan böhran yeni mərhələyə keçib. Özgür Özəl tərəfi fövqəladə qurultayın keçirilməsi tələbi ilə topladığı 833 imzanı bu həftə məhkəməyə təqdim etməyə hazırlaşır.
Məlumata görə, nümayəndələrin imzaları partiya rəhbərliyinə təqdim olunsa da, müəyyən edilmiş müddət ərzində bununla bağlı qərar verilməyib. Buna cavab olaraq Özgür Özələ yaxın şəxslər Mülki Məhkəməyə müraciət edərək qurultayın keçirilməsi üçün “çağırış heyəti”nin yaradılmasını tələb edəcəklər.
Digər tərəfdən, Kamal Kılıçdaroğlu düşərgəsi adi qurultayın sentyabr ayında keçiriləcəyini açıqlayıb. Tərəflər arasında qarşıdurmanın artıq hüquqi müstəviyə keçdiyi bildirilir.
Xarici siyasət üzrə mütəxəssis, jurnalist Emre Diner mövzu ilə bağlı Sherg.az-ın mövzu ilə bağlı suallarını cavablayıb:
-CHP-də yaşanan son prosesləri necə qiymətləndirirsiniz?
-İlk növbədə, Türkiyədə müxalifət partiyasının daxilində baş verən vəziyyət məni, Atatürkün qurduğu Türkiyə Cümhuriyyətinin vətəndaşı olaraq, kədərləndirir. Məsələ əslində təkcə CHP üzvlərinin problemi deyil. Ölkəmizin quruluş mərhələsində təkpartiyalı rejim dövründə CHP əslində bir əmanətdir. Buna görə də bu, bütün türk xalqının məsələsidir.
Türkiyə hüquq dövlətidir. Məhkəmənin "mütləq butlan" qərarı hörmətlə yanaşılması vacib olan prosesdir.
-CHP-ni qarşıdakı dövrdə nələr gözləyir?
-CHP baxımından qarşıdakı günlər təkcə məhkəmə qərarının deyil, həm də böhranı idarəetmə qabiliyyətinin sınağa çəkiləcəyi dövr olacaq. Məhkəmə qərarları hüquqi çərçivəni müəyyən edən rol oynayır. Partiyanın siyasi gələcəyini isə əsas etibarilə rəhbərliyin mövqeyi, partiyadaxili uzlaşma mühiti və ictimaiyyətə veriləcək birlik mesajı müəyyən edəcək. Bu birlik mesajının ictimaiyyətə çatdırılması vacibdir.
CHP-də daxili gərginliyin uzanacağı halda, partiya enerjisinin mühüm hissəsini öz daxili problemlərinə sərf edəcək.
Buna qarşılıq, əgər uzlaşma əldə olunarsa, bu prosesi partiyanın institusional strukturunu gücləndirən sınaq olacaq.
Prezident Ərdoğanın CHP ilə bağlı mesajları nəzərə alınmalıdır. CHP-ni xarici əlaqələrin yönləndirməsi deyil, partiyanın öz icra orqanlarının müəyyən etdiyi siyasəti izləməsi Türkiyə demokratiyasına və daxili cəbhədə birliyə xidmət edir.
-Daha nə kim hadisələr ola bilər?
-Son dövrlərdə xarici siyasətdə yaşanan hadisələr hər bir ölkə üçün daxili cəbhənin gücləndirilməsinin olduqca vacib olduğunu xatırladır.
Hakimiyyətin CHP-ni formalaşdırmaq kimi bir siyasəti yoxdur. Burada məsələ müxtəlif ideologiyaların Türkiyədə vahid çətir altında bir araya gəlməsidir. Prezident Ərdoğan və MHP lideri Dövlət Baxçalının tez-tez vurğuladığı siyasət də məhz budur.
Bu gün Türkiyə öz institutları və milli müdafiə sənayesi ilə milliləşdiyi bir dövrdə, müxalifətin də milli xətt üzrə siyasət yürütməsi arzu olunan yanaşmadır. Öz ölkəsini başqa dövlətlərə şikayət edən deyil, xalqa xidmət edən, iqtidara yol göstərə biləcək müxalifət partiyası hakimiyyətin arzuladığı siyasi yetkinlik nümunəsidir.
-Özgür Özəl və Kılıçdaroğlu arasında münasibətlərin gələcəyini necə görürsünüz?
-Özgür Özəlin ayrıca bir partiya yaratmaq cəhdi ilə yaratdığı külək qısa müddətə əsib keçdi. Çünki seçici nə baş verirsə-versin, mübarizənin CHP daxilində aparılması tərəfdarıdır. Özəl, Kılıçdaroğlu qarşısında Əkrəm İmamoğlunun yanlış yönləndirmələri nəticəsində ikili psixoloji vəziyyətə, münaqişələrə və buna bənzər bir çox səbəblərə sürüklənir. Bu psixoloji durum Özəl üçün nüfuz itkisinə səbəb olur.
Qarşıdakı dövrdə Kılıçdaroğlu və Özəl arasında ortaq zəminlə bağlı qarşılıqlı görüşlərin baş tutacağı gözlənilə bilər.
Eyni seçici bazasına xitab edən yeni bir partiya müxalifət səslərinin parçalanmasına səbəb ola bilər. Əgər Özgür Özəlin bu reallığı görə biləcəyi bir prosesə doğru irəliləyəcəyini ehtimal etsək, Kılıçdaroğlu ilə uzlaşma üçün zəmin yaranması mümkün ola bilər.