- “Sosial şəbəkələrdəki səhifələrimin şərh bölmələrində ermənilər və azərbaycanlılar getdikcə daha çox bir-biri ilə sakit, hörmətlə ünsiyyət qururlar”
- "Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, Azərbaycanda keçirilən beynəlxalq yarışlar zamanı ilk dəfə Ermənistan Respublikasının Dövlət Himni səsləndirildi. Bu, qarşılıqlı hörmət və sülh yolunda atılmış mühüm simvolik addımdır"
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar və sülh sazişinin imzalanmasına dair gözləntilər Cənubi Qafqazda davamlı sülh perspektivlərini yenidən gündəmə gətirib. Regionda baş verən siyasi proseslər, qarşılıqlı etimadın formalaşmasına yönəlmiş addımlar, eləcə də xarici amillərin sülh prosesinə mümkün təsiri hazırda əsas müzakirə mövzularındandır.
Erməni jurnalist və siyasi ekspert Natali Aleksanyan Azərbaycan və Ermənistan arasında sülh prosesinin gələcəyi və regionda baş verənlərin sülhə təsiri barəsində Sherg.az-ın suallarını cavablayıb:
-Sülh sazişinin Ermənistan parlament seçkilərindən sonra imzalanacağı ilə bağlı gözləntilər var idi. Hazırda sülhə nə qədər yaxınıq?
-Artıq bir neçə ildir ki, sülh yolunda irəliləyirik. Bu gün sülh əlçatmaz deyil. Əminəm ki, çox yaxın zamanda sülh müqaviləsi də imzalanacaq.
Bu illər ərzində sülhün ardıcıl tərəfdarı olaraq çox mühüm dəyişikliklər müşahidə etmişəm. Hətta sosial şəbəkələrdəki səhifələrimin şərh bölmələrində ermənilər və azərbaycanlılar getdikcə daha çox bir-biri ilə sakit, hörmət çərçivəsində və qarşılıqlı nifrət olmadan ünsiyyət qururlar. Bu, mənim üçün xüsusilə dəyərlidir, çünki uzun illər məhz bunun uğrunda mübarizə aparmışam.
Mən əminəm ki, sülh mütləq olacaq. Bu, Ermənistan, Azərbaycan xalqlarının və bütün Cənubi Qafqazın maraqlarına uyğundur. Sülh bizim ümumi gələcəyimizdir və mən inanıram ki, çox yaxın zamanda bu, reallığa çevriləcək.
-Dünən Azərbaycanda keçirilən beynəlxalq yarışda Ermənistanın dövlət himni səsləndirildi. Bu sizdə hansı hissləri yaratdı?
-Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm ki, dünən Azərbaycanda keçirilən beynəlxalq yarışlar zamanı ilk dəfə Ermənistan Respublikasının Dövlət Himni səsləndirildi. Bu, qarşılıqlı hörmət və sülh yolunda atılmış mühüm simvolik addımdır.
Xatırlatmaq istəyirəm ki, üç il əvvəl mənə Azərbaycanın İctimai Televiziyasında erməni dilində çıxış etmək imkanı yaradılmışdı. Bu da mənim üçün xalqlarımız arasında dialoq yolunda atılmış mühüm addımlardan biri oldu.
Xüsusi təşəkkürümü Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyana və onun komandasına bildirmək istəyirəm. Məhz onların sülh gündəliyi, siyasi iradəsi və ardıcıl fəaliyyəti bu prosesin irəliləməsini mümkün etdi. Regionumuzda uzunmüddətli sülhün bərqərar olması üçün tarixi şansı yaxınlaşdırdı.
-Azərbaycan və Ermənistan arasında davam edən normallaşma və sülh prosesinə mane olmağa çalışan əsas xarici qüvvələr hansılardır?
-Bu gün Rusiya son dərəcə mürəkkəb vəziyyətdədir və bu, mənim fikrimcə, açıq-aşkar görünür. Mən hesab edirəm ki, xalqlarımızın nəhayət başa düşməsi çox vacibdir: davamlı sülh yolunda əsas maneə Rusiyanın müdaxiləsidir.
Rusiya regiondakı təsirini qoruyub saxlamaq, xalqlarımız arasında etimadsızlıq yaratmaq və sülh prosesini pozmaq üçün əlindən gələni edəcək. Lakin mən ölkələrimizin rəhbərliyinə güvənirəm. İnanıram ki, onlarda sülh nizamlanması prosesini sona çatdırmaq üçün kifayət qədər siyasi iradə və məsuliyyət var.
Mən əminəm ki, sülh ona mane olmağa yönəlmiş istənilən cəhdə baxmayaraq qalib gələcək.
-ABŞ ilə İran arasında mümkün hərbi qarşıdurma TRIPP layihəsinin gələcəyinə necə təsir göstərə bilər? Bu cür geosiyasi gərginlik sülh prosesini ləngidə bilərmi?
-İstənilən regional və ya beynəlxalq gərginlik müxtəlif iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsi müddətlərinə müvəqqəti təsir göstərə bilər. Lakin düşünmürəm ki, ABŞ ilə İran arasında mümkün münaqişə artıq arxasında ciddi siyasi iradə dayanan prosesləri dayandıra bilsin.
Əgər TRIPP layihəsindən danışırıqsa, onun həyata keçirilməsi region ölkələrinin uzunmüddətli maraqlarına cavab verir. Məhz buna görə də əminəm ki, hətta xarici böhranlar şəraitində belə tərəflər əməkdaşlığı davam etdirməyə və sülh gündəliyindən geri çəkilməməyə çalışacaqlar.
Sülh və əməkdaşlıq bu prosesə mane olmağa yönəlmiş istənilən cəhddən daha güclüdür.